Vəhşət namazı

Nov 27, 2024 - 15:05
 0  15
Vəhşət namazı

Dünyasının dəyişən şəxsin dəfn edildiyi ilk gecə onun üçün iki rükət vəhşət namazı qılınsın.

Vəhşət namazı necə qılınır?

Bu namazın qılınma qaydası belədir: birinci rükətdə Həmd surəsindən sonra bir dəfə Ayət əl-kursi (Bəqərə surəsinin(1) 255-257-ci ayələri), ikinci rükətdə isə Həmd surəsindən sonra on dəfə Qədr surəsini oxumaq, namazın salamından onra: “Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmmədin vəbəs səvabəha ila qəbri fulan” demək lazımdır (“fulan” sözünün yerinə mərhumun adını çəkmək lazımdır).
Qeyd etmək lazımdır ki, vəhşət namazı üçün başqa bir qılınma qaydası da nəql edilmişdir.

Həmin qayda belədir: birinci rükətdə Həmd surəsindən sonra iki dəfə İxlas, ikinci rükətdə isə Həmd surəsindən sonra on dəfə Təkasur surəsini oxumaq, namazın salamından sonra “Allahummə səlli əla Muhəmmədin vəbəs səvabəha ila qəbri fulan” demək lazımdır (“fulan” sözünün yerinə mərhumun adını çəkmək lazımdır).
Əgər cənazəni uzaq bir şəhərə aparmaq istəyərlərsə, yaxud başqa bir səbəblə onun dəfni gecikərsə, birinci qayda üzrə vəhşət namazının qılınmasını onun dəfnindən sonrakı ilk gecəyədək təxirə salmaq lazımdır, ikinci qayda üzrə qılınan namazla bağlı isə zahir (aydın olan nəzər) budur ki, onun məhz ölümdən sonrakı ilk gecə qılınması müstəhəbdir.
Vəhşət namazını gecənin istənilən vaxtında qılmaq olar, lakin daha yaxşı olar ki, gecənin əvvəlində, işa namazından sonra qılınsın.

Ayətullah Sistaninin “Geniş izahlı şəriət məsələləri, 1-ci cild” kitabından…

mənbə:az.shafaqna.com