USAID və NED kimi qurumlar ölkələrdə demokratik sistemləri sarsıtmaq məqsədi güdür
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili “Birinci Kanal”ında yayımlanan “Günün mövzusu” verilişində çıxışı zamanı Qərb institutlarını və ABŞ-nin keçmiş siyasətini sərt şəkildə tənqid edib.
O, “deep state” (dərin dövlət) anlayışını qeyri-formal idarəçilik mexanizmi kimi dəyərləndirib və bu sistemin demokratik legitimlikdən məhrum olduğunu bildirib.
“Biz “dərin dövlət” dedikdə, demokratik legitimliyi olmayan, lakin iqtisadi, maliyyə və bürokratik rıçaqlara malik qeyri-formal idarəetməni nəzərdə tuturuq. Bu şəbəkə vasitəsilə müəyyən oliqarx maraqları həyata keçirilir”
Parlament sədri ABŞ prezidenti Donald Trampın mövqeyinə də toxunaraq bildirib ki, onun atdığı addımlar Gürcüstanda əvvəldən səsləndirilən fikirləri təsdiqləyib.
“Biz deyirdik ki, USAID və NED kimi qurumlar digər ölkələrdə demokratik sistemləri sarsıtmaq məqsədi güdür. Tramp bunu təsdiqlədi və maliyyələşməni dayandırdı. O, eyni zamanda bildirdi ki, ABŞ büdcəsindən yüzlərlə media qurumu və minlərlə jurnalistə Bayden administrasiyasının xeyrinə təbliğat aparmaları üçün vəsait ayrılıb. Bunun ardınca o, bu maliyyələşməni kəsdi”.
O, əlavə edib ki, hazırda “Azadlıq Radiosu” kimi media qurumlarının maliyyələşdirilməsi bəzi Avropa İttifaqı ölkələri tərəfindən həyata keçirilir:
“‘Azadlıq Radiosu” Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılmış rəsmi təbliğat mediasıdır. İndi isə bu qurumu Avropa ölkələri maliyyələşdirir. Bu, bir daha onu göstərir ki, biz ‘dərin dövlət’ dedikdə təsadüfi bir anlayışı nəzərdə tutmuruq, bu, real və təsiredici bir mexanizmdir.”
Şalva Papuaşvili Gürcüstanda bu cür təsirlərin azaldılması və dövlətin tam suveren qərarlar qəbul etməsinin vacibliyini də diqqətə çatdırıb.
mənbə: report