Tetritskaroda 470 qutu siqaret oğurlayan şəxs saxlanılıb, evindən marixuana tapılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tetritskaro Rayon İdarəsinin əməkdaşları qabaqcadan əlbir olan bir qrup tərəfindən anbara qanunsuz daxil olmaqla dəfələrlə oğurluq etməkdə və narkotik vasitəni qanunsuz əldə edib saxlamaqda ittiham olunan bir nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tetritskaro bələdiyyəsində yerləşən şəbəkə marketlərindən birinə qanunsuz daxil olaraq 470 qutu siqaret oğurlayıb.
Əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi hadisədən dərhal sonra saxlayıblar.
Polis saxlanılan şəxsin yaşadığı evdə apardığı axtarış zamanı oğurlanmış siqaretləri və “marixuana” narkotik vasitəsini sübut kimi götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci və 260-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.