Tbilisidə sakinlərin köçürülməsi ilə bağlı İcra Bürosu açıqlama yayır

Tbilisidə, Tvalçrelidze küçəsi N1 ünvanında yerləşən yaşayış binalarından sakinlərin köçürülməsi prosesi ilə bağlı İcraatların Milli Bürosu rəsmi açıqlama yayıb.
Qurumun məlumatında bildirilir ki, həmin ünvandakı beş bina “qara karkas” vəziyyətindədir, tam amortizasiya olunub və orada yaşayan insanların sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradır.
Bu barədə Süxmarauli ekspertizasının rəyində də açıq şəkildə qeyd olunur ki, daşıyıcı divarlar zədələnib və istənilən anda binanın çökmə riski mövcuddur.
İcra Bürosunun açıqlamasında qeyd olunur ki, proses tərəflərin maraqlarının qorunması məqsədilə iki dəfə təxirə salınıb. Prosesə icra polisindən əlavə, tərəflərin maraqlarının müdafiəsi və mediasiya departamenti, sosial işçilər də cəlb olunub, vətəndaşlarla onlarla görüş keçirilib, yaşayış şəraiti və ehtiyacları fərdi qaydada öyrənilib.
Bildirilir ki, kreditor tərəf dövlət strukturları ilə birgə, sakinlərin müvəqqəti kirayə mənzillə təmin edilməsində iştirak etməyə hazır idi, lakin sakinlərin bir hissəsi bu təklifi qəbul etməyib.
Rəsmi məlumata görə, bu ünvanda yaşayanlardan 58 nəfər köçkün statusuna malikdir. Onlardan 24-ü artıq dövlət proqramı çərçivəsində təmin edilib, 29 nəfər ev və ya kənddə ev almaq üçün ərizə təqdim edib, 6 nəfər isə artıq müsbət cavab alıb. Əslində bu ünvanda yaşayan 39 ailədən bir qisminə müvafiq təkliflər edilib. 53 ailə isə bu ünvanlarda qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamır – yalnız son aylarda təmir işlərinə başlayaraq sonradan kompensasiya almağa cəhd göstərirlər.
İcraatlar Milli Bürosu sakinlərə könüllü şəkildə məhkəmə qərarını yerinə yetirməyi, kreditorun və dövlət qurumlarının təkliflərini qəbul etməyi tövsiyə edir. Əks halda, büronun qanunvericiliyə əsasən məhkəmə qərarını icra etməyə borclu olduğu vurğulanır.
Xatırladaq ki, bu gün səhər saatlarından Tvalçrelidze küçəsində yerləşən yaşayış binasında sakinlərin köçürülməsi prosesi başlayıb. Hadisə yerinə polis və İcraatlar Milli Bürosunun əməkdaşları cəlb olunub. Sakinlər etiraz edir və bildirirlər ki, binanın sahibi obyektin qəzalı olduğunu əsas gətirərək boşaldılmasını tələb edir. Onların sözlərinə görə, 400-ə yaxın ailəyə alternativ yaşayış sahəsi təklif olunmayıb. Sakinlər dəfələrlə dövlət nümayəndələri ilə görüş tələb etsələr də, heç kim onların tələbinə cavab verməyib. Bir nəfər isə binanın damına çıxaraq, köçürmə prosesi dayandırılmazsa, özünü damdan atacağını bildirib.
mənbə: interpress