Batumidə kazino qarşısında atəş açan iki Türkiyə vətəndaşı saxlanılıb

Acaranın Polis Departamentinin əməkdaşları Batumidə baş verən atışma faktı ilə bağlı keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Türkiyə vətəndaşları – 1995-ci il təvəllüdlü F.Q. və 1989-cu il təvəllüdlü İ.Q.-ni saxlayıblar.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, saxlanılan şəxslər qrup halında xuliqanlıq törətməkdə, odlu silahı qanunsuz əldə etməkdə, saxlamaqda və gəzdirməkdə, habelə xüsusilə külli miqdarda narkotik vasitə – kokaini qanunsuz əldə edib saxlamaqda ittiham olunurlar.
Araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2025-ci il iyulun 21-də gecə saatlarında avtomobillə hərəkətdə olarkən Batumidə yerləşən kazinolardan birinin istiqamətinə odlu silahdan bir neçə dəfə atəş açıblar və hadisə yerindən uzaqlaşıblar. Nəticədə kazinonun qapısı və fasadının bir hissəsi zədələnib.
Polis onların üzərinə və yaşadıqları ünvana baxış zamanı xüsusilə külli miqdarda narkotik vasitə – kokain aşkarlayaraq maddi sübut kimi götürüb.
Hazırda F.Q. və İ.Q. barəsində Gürcüstan Cinayət Məcəlləsinin 236-cı (qanunsuz silah dövriyyəsi), 239-cu (xuliqanlıq) və 260-cı (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə istintaq aparılır. Bu maddələrlə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
mənbə: interpress