Mübahisə zəminində bir nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb

Mtsxeta-Mtianeti Polis Departamentinin Kazbeqi rayon şöbəsinin əməkdaşları operativ-istintaq tədbirləri nəticəsində 1990-cı il təvəllüdlü G.X.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, hadisə Kazbeqi bələdiyyəsində baş verib. Mübahisə zəminində yaranmış münaqişə zamanı G.X. 1967-ci il təvəllüdlü A.Ğ.-yə soyuq silahla bədəninin müxtəlif nahiyələrindən bir neçə xəsarət yetirib və hadisə yerindən qaçıb.
Yaralı A.Ğ. dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Polis əməkdaşları G.X.-ni qısa müddətdə isti izlərlə saxlayıblar.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə aparılır. Bu maddə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
mənbə: interpress