Tbilisidə avtomobil oğurlayıb qəza törədən iki nəfər isti izlərlə tutuldu
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən nəqliyyat vasitəsinin oğurlanması ittihamı ilə iki nəfəri saxlayıblar, onların arasında bir nəfər yeniyetmədir.
XEBER.GE xeber verir ki, məlumatı DİN yayır.
Qurumun bildirdiyinə görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Tbilisidə şirkətlərdən birinə məxsus avtomobili qanunsuz olaraq mənimsəyib və oğurlanmış avtomobillə Qərbi Gürcüstan istiqamətində hərəkət ediblər.
"Cinayəti törətdikdən az sonra onlar oğurlanmış avtomobillə yol-nəqliyyat hadisəsi törədiblər. Avtomobili hadisə yerində qoyaraq özləri qaçıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsləri isti izlərlə saxlayıblar, oğurlanmış avtomobil isə maddi sübut kimi götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə aparılır ki, bu da 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", — məlumatda deyilir.