Tbilisidə pulsuz ağciyər xərçəngi skrininqi 2700-dən çox vətəndaş müayinə olunub
Tbilisi bələdiyyəsinin hökumət iclasında paytaxt meri Kaxa Kaladze səhiyyə sahəsində həyata keçirilən mühüm proqramın nəticələrini açıqlayıb. Merin sözlərinə görə, ağciyər xərçənginin pulsuz skrininqi proqramı fəaliyyətə başladığı gündən bu yana 2 761 vətəndaş bu imkandan yararlanıb.
XEBER.GE xəbər verir ki, Kaxa Kaladze bu layihənin onun seçkiöncəsi vədlərindən biri olduğunu və vətəndaşların tamamilə pulsuz şəkildə müayinə edildiyini vurğulayıb:
"Səhiyyə və Sosial Xidmətlər Şəhər İdarəsinin 'Xəstəliklərin Skrininqi' proqramına may ayında növbəti — üçüncü komponent olaraq ağciyər xərçəngi skrininqinin maliyyələşdirilməsi əlavə edildi. İlk iki komponent isə 2018 və 2024-cü illərdə fəaliyyətə başlayan qalxanvari vəzi xərçənginin idarə edilməsi və uşaqlıq boynu xərçənginin HPV test edilməsi proqramları idi. 1 may tarixindən bu günədək 2 761 vətəndaş ağciyər xərçəngi skrininqindən keçib. Onlardan 1 397-si kişi, 1 364-ü isə qadındır", — deyə Tbilisi meri bildirib.
Tbilisi Meriyasının maliyyələşdirdiyi proqramın təfərrüatları barədə aşağıdakı məlumatlar təqdim olunub:
Hər bir pasiyentin müayinəsi üçün meriya tərəfindən 175 lari ayrılır və vətəndaşlar üçün bu xidmət tamamilə pulsuzdur.
Hazırda paytaxtda bu proqram üzrə 27 tibb müəssisəsi vətəndaşlara xidmət göstərir.
Tbilisidə qeydiyyatda olan, 45-75 yaş aralığında yerləşən aktiv tütün istifadəçiləri və ya son 15 ildə tütün istifadəsini dayandırmış şəxslər proqramdan faydalana bilərlər.
Skrininq çərçivəsində vətəndaşlara yüksək dəqiqlikli, lakin aşağı dozalı kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq olunur.
Mer Kaxa Kaladze ağciyər xərçənginin onkoloji xəstəliklər arasında dünyada ölüm göstəricisinə görə birinci yerdə durduğunu xatırladaraq gəncləri və yaşlıları bu proqramdan vaxtında istifadə etməyə çağırıb: "Hər kəsə cansağlığı arzulayıram, lakin ehtiyac yaranarsa, mütləq bu proqramdan istifadə edin. Bildiyiniz kimi, xəstəliyin erkən mərhələdə aşkarlanması tam sağalma şansı verir".