Tbilisidə neonasist qruplaşmalara qarşı xüsusi əməliyyat keçirilib

Mar 30, 2026 - 16:47
 0  25
Tbilisidə neonasist qruplaşmalara qarşı xüsusi əməliyyat keçirilib

Tbilisi Şəhər Polis Departamentinin əməkdaşları tərəfindən paytaxt ərazisində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif neonasist qruplaşmaların üzvü olan və faşist ideologiyasını dəstəkləyən 13 nəfər saxlanılıb.

  Xeber.ge xəbər verir ki, bu barədə Tbilisi Polis Departamentinin rəhbəri Vaja Siradze keçirdiyi brifinqdə məlumat verib.

Departament rəhbərinin sözlərinə görə, saxlanılan şəxslər müxtəlif yaş qruplarına aid vətəndaşlara qarşı xüsusi amansızlıqla fiziki və psixoloji zorakılıq törətməkdə ittiham olunurlar. Müəyyən edilib ki, saxlanılan 13 nəfərdən 7-si yetkinlik yaşına çatmayan şəxslərdir.

İstintaq materiallarına əsasən, özlərini neonasist adlandıran dəstə üzvləri faşist ideologiyasının təbliği və şəbəkənin təsir dairəsini genişləndirmək məqsədilə qurbanlarına qarşı radikal münasibət göstəriblər. Onlar küt alətlər,  istifadə etməklə şəxslərə ağır xəsarətlər yetirib, eyni zamanda onları qarət edərək hədə-qorxu ilə pul tələb ediblər.

Cinayətkar qruplaşma üzvləri törətdikləri işgəncə və ləyaqəti alçaldan hərəkətləri mobil telefon vasitəsilə qeydə alaraq müxtəlif internet platformalarında paylaşıblar. Hazırda iş üzrə 2-si azyaşlı olmaqla 10 nəfər zərərçəkmiş qismində tanınıb.

Axtarışlar zamanı saxlanılan şəxslərin yaşayış yerlərindən odlu və soyuq silahlar, nasist simvolikası əks olunmuş əşyalar, maskalar və elektron texniki vasitələr maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin işgəncə, zorakılığın təşkili, qarət və qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxsləri 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, sözügedən iş çərçivəsində daha əvvəl həbs edilmiş 4 nəfərə qarşı da əlavə ittihamlar irəli sürülüb. Ümumilikdə son aylarda neonasist qruplaşmaların 24 üzvü məsuliyyətə cəlb edilib.