Şalva Papuaşvili ABŞ-ın keçmiş səfirinin müsahibəsinə cavab verdi

Jul 7, 2025 - 13:58
 0  11
Şalva Papuaşvili ABŞ-ın keçmiş səfirinin müsahibəsinə cavab verdi

“İstefa vermiş səfirin müsahibəsini, Tramp tərəfindən təbliğatçılıqda ittiham olunan “Radio Tavisupleba” yayımlayır – nə biri, nə də o biri bizə maraqlı deyil! Xatırladım ki, vaxtilə “Radio Tavisupleba” Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılmış və gizli şəkildə onun büdcəsindən maliyyələşdirilirdi.”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ABŞ-ın səfiri Robin Daniganın “Radio Tavisupleba”ya verdiyi müsahibədə etdiyi açıqlamalara cavabında belə deyib.

Jurnalistin sualına cavabında Papuaşvili dəfələrlə bildirib ki, keçmiş səfirin bəyanatlarını şərh etməyin mənası yoxdur və ona maraqlı deyil.

“Təbliğat mediası Trampın özü tərəfindən ifşa olunub və onun maliyyələşməsi dayandırılıb. Tramp istəyir ki, “Radio Tavisupleba” kimi təbliğat aləti ümumiyyətlə bağlansın. Xatırladım ki, “Radio Tavisupleba” vaxtilə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılmış və gizli şəkildə onun büdcəsindən maliyyələşdirilirdi. Sonra başqa sxemlər formalaşdı, amma bu rəsmi olaraq təbliğat mediasıdır. Onların yaydığı keçmiş səfirin müsahibəsini artıq şərh etməyəcəm!

Kim daha əvvəl istefa verdi – bunu hər kəs görür. Ona görə də, dediyim kimi, hər şey aydındır. Keçmiş səfirin bəyanatları bizim maraq dairəmizə daxil deyil”, – deyə Şalva Papuaşvili bildirib.

Xatırladaq ki, Robin Danigan “Radio Tavisupleba”ya müsahibəsində deyib ki, “Gürcü Arzusu” rəhbərliyinin Tramp administrasiyasına göndərdiyi qeyri-rəsmi məktub “hədələyici, təhqiredici, qeyri-ciddi və Vaşinqtonda son dərəcə pis qarşılanıb”.

Danigan bildirib ki, onun İvanişvili ilə birbaşa görüşmək niyyəti var idi, çünki “Gürcü Arzusu” rəhbərliyinin məktubuna ABŞ Dövlət Katibi Rubionun cavabı var idi.

“Gürcü Arzusunun rəhbərliyi Tramp administrasiyasına şəxsi məktub göndərdi. Bu açıq məktub deyildi, və səmimi desəm, çox hədələyici, təhqiredici, qeyri-ciddi və Vaşinqtonda son dərəcə pis qarşılandı. Ona görə cavabı hazırlamaq üçün vaxt lazım oldu. Düzünü deyim, insanlar belə bir məktubun göndərilməsindən çox təəccübləndilər”, – ABŞ diplomatı bildirib.

Danigan əlavə edib ki, İvanişvili ilə görüş üçün aparılan danışıqlarda səfirlikdən imtina cavabı alınıb:

“Bu arada, biz cavabı düşünərkən, baş nazir açıq məktub dərc etdi. Sonra baş nazirə getdim və dedim ki, Dövlət Katibi Rubionun cavabı var və məndən xahiş edib ki, onu İvanişviliyə çatdırım. İvanişvili isə görüşdən imtina etdi”, – deyə səfir bildirib.

Danigan onu da vurğulayıb ki, “Baş nazir ilə istənilən vaxt görüşməyə məmnuniyyətlə hazıram”, lakin “o ayrıca görüş istəməmişdi”.

“Radio Tavisupleba”nın dəqiqləşdirici sualına – Vaşinqtonda soruşubmu ki, həmin mesaj niyə İvanişviliyə yox, İrakli Kobaxidzeyə verilməli idi – səfir belə cavab verib:

“Düşünürəm ki, dünyada insanların əksəriyyəti bilir ki, hökuməti İvanişvili idarə edir”.

mənbə: interpress