Rustavidə öldürülən Azərbaycan vətəndaşı ilə bağlı ŞOK DETALLAR-VİDEO

Jun 7, 2026 - 13:51
 0  120

Rustavi Şəhər Məhkəməsində Azərbaycan vətəndaşını qəsdən öldürməkdə ittiham olunan 15 yaşlı yeniyetmənin cinayət işi üzrə qapalı məhkəmə prosesi keçirilir.

Xeber.ge yerli hüquq-mühafizə orqanlarından əldə edilən rəsmi məlumatlara və tərəflərin bəyanatlarına istinadən dəhşətli hadisənin təfərrüatlarını təqdim edir:

Məhkəmə materiallarına görə, saxlanılan 15 yaşlı yeniyetmə irəli sürülən qəsdən adamöldürmə ittihamını və faktını təkzib etmir.

Lakin o, ifadəsində bu ağır cinayəti törətməsinə səbəb kimi, qətlə yetirdiyi şəxs tərəfindən ona qarşı cinsi zorakılıq edilməsini göstərib.

Yeniyetmənin ilk rəsmi ifadəsində qeyd olunub ki, Rustavidə yaşayan təxminən 50 yaşlı Azərbaycan vətəndaşı ona qarşı cinsi xarakterli zorakılıq əməlləri törədib.

Dövlət ittihamçısı (prokuror) məhkəmədən azyaşlı barəsində həbs qətimkan tədbirinin seçilməsini və onun həbsxanaya göndərilməsini istəyib.

 Prokurorluq nümayəndəsinin izahatına görə, yetkinlik yaşına çatmayanın fərdi təhlükəsizliyinin qorunması və maraqlarına ziyan dəyməməsi üçün onun növbəti iki ay ərzində cəmiyyətdən tam təcrid (izolyasiya) olunması mütləqdir.

İşin həssaslığı və təqsirləndirilən şəxsin azyaşlı olması nəzərə alınaraq məhkəmə prosesi tamamilə qapalı rejimdə keçirilir.

Yeniyetmənin vəkili mətbuata açıqlamasında bildirib ki, işin mahiyyəti üzrə baxılması zamanı müvəkkilinin zəruri müdafiə həddini aşmayaraq özünü qoruduğu rəsmən sübuta yetiriləcək:

"İşdə olan maddi sübutlar, hadisə yerinə baxış protokolu, təqsirləndirilən şəxsin ifadəsi və tezliklə daxil olacaq ekspertiza rəyi müvəkkilimin yalan danışmadığını və günahsız olduğunu tam ortaya qoyacaq.

Üstəlik, qətlə yetirilən şəxsin zorakı hərəkətlərinin qurbanı olmuş digər yeniyetmələr də bu faktı təsdiqləyirlər. Həmin şəxs digər azyaşlılarla da cinsi əlaqəyə girməyə cəhd edib.

Bizim bir şahidimiz hamının qarşısında çıxış edərək o adamın əlindən necə qaçıb qurtulduğunu danışmağa hazırdır.

Hadisə zamanı tərəflər arasında fiziki qarşıdurma, əlbəyaxa dava olub. Yeniyetmənin üzərində zorakılıq izləri var.

Həmin şəxs bıçaqlanandan sonra hələ sağ olub və müvəkkilimi 'səni öldürəcəyəm' deyərək hədələyib. Yeniyetmə yalnız bundan sonra özünü hamam otağına kilidləyərək xilas edə bilib".

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq və məhkəmə araşdırmaları davam edir. Qətlə yetirilən şəxsin və üzərində xəsarətlər olan yeniyetmənin bədənindəki izlərlə bağlı tibbi ekspertizanın yekun rəyi gözlənilir.