Quranda şəhidin nümunələri

Nov 28, 2024 - 12:20
 0  9
Quranda şəhidin nümunələri

Rəsuli-Əkrəmin (s) rəvayətlərinə əsasən, əgər insan öz ilahi vəzifəsini yerinə yetirərkən şəhid olarsa və ya ölərsə, o, şəhid sayılır və şəhidin savabını alır.

Müqəddəs İslam dininin mədəniyyətində şəhidliyin iki fərqli mənası var:

Şəhidliyin xüsusi mənası Allah yolunda döyüşdə və döyüş meydanında şəhid olmaqdır. Bu halda şəhidin İslam fiqhində xüsusi hökmləri var. Məsələn, deyirlər ki, şəhidin qüsla, kəfənə ehtiyacı yoxdur, həmin qanlı paltarda dəfn edilir.

Amma şəhidliyin həm də ümumi və geniş mənası var. İlahi vəzifəni yerinə yetirərkən öldürülən və ya ölən şəxs şəhid sayılır və şəhidin savabını alır. Odur ki, Rəsuli-Əkrəmin (s) rəvayətlərində şəhid olaraq ölən bir neçə qrup vardır: Əvvəla, elm yolunda ölənlər vardır. İkincisi, yataqda ölən, lakin Rəbbinə və əziz Peyğəmbərə (s) imanı və mərifəti olan şəxsdir. Üçüncüsü, malını və ya namusunu müdafiə etmək üçün hücum edənlərin qarşısına çıxan və öldürülən şəxsdir.

Ona görə də düzgün əqidə sahibi olub haqq yolunda gedən və həmin yolda dünyasını dəyişənlər Qurani-Kərim və İslam rəvayətlərinə görə şəhidlər sırasındadırlar və şəhidlərin mükafatını alırlar. Allah-taala belə insanlar haqqında buyurur: “Rəbbləri yanında siddiqlər (etiqad, söz və əməlləri bir-biri ilə müvafiq və həqiqətlə üst-üstə düşən kəslər) və şahidlər (Məhşərdə insanların əqidə və əməllərinə şahidlik edənlər) Allaha və Onun peyğəmbərlərinə iman gətirmiş kəslərdir. Bunların mükafatları və nurları onlarındır. Küfr edən və Bizim (tovhid və din) nişanələrimizi təkzib və inkar edənlər cəhənnəm əhlidirlər” (Hədid, 19). Qurani-Kərimin ayəsinə əsasən, bu insanlar peyğəmbərlər və salehlərlə həmnişin olacaq və onlarla ən gözəl dostluq edəcəklər: "Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır" (Nisa, 69).

mənbə: iqna