Bərəkəti cəlb edən əməli addımlar

Allahın rəhməti, bəndələrinin Onu xatırlamadığı və günahlara tərəf yönəldiyi zaman azalır. Əksinə, tövbə etmək və istiğfar İlahi rəhmət və bərəkəti cəlb etməyin əsas vasitələrindən biridir.
İslam dininə görə, insan yalnız maddi varlıq deyil. Onun həyatında mənəvi dəyərlər də mühüm rol oynayır. Bu dəyərlərdən biri də bərəkətdir. Bərəkət, sərvətdən daha üstün və qalıcı bir nemətdir. Sərvət keçicidir, amma bərəkət uzunmüddətli təsir göstərir. Həmçinin, bərəkət yalnız mala deyil, insanın ömrünə və zamanına da şamil edilir.
Bərəkəti cəlb edən əməli addımlar:
Dua. Peyğəmbərimiz (s) buyurur: “Qardaşınıza mübarək olsun deyin və onun üçün bərəkət istəyin. Din qardaşlarınız üçün bərəkət istəmək möminlərdə çoxlu müsbət enerji icad edər. Çünki həqiqi möminlərin varlığı bərəkətlə doludur və qardaşlarının haqqında dua etməsi həyatlarına bərəkəti hədiyyə edər”..
İman və təqva. İmam Əli (ə) buyurur: “Sizə İlahi təqvanı tövsiyə edirəm. Çünki hər kim təqvaya riayət edər, çətinliklər yaxınlaşandan sonra ondan uzaqlaşar. Nemətlər quruyandan sonra onun üçün qaynayar. Bərəkət yağışı nəm-nəm olandan sonra onun üçün sel olar”.
Zəkat vermək. İmam Baqir (ə) buyurur: “Əgər hər şeyin zəkatını versək və zəkatı bərəkət mənbəyi bilsək, o zaman onun ümumi mənasına rast gələrik ki, bu mənaya riayət etmək həyatın müxtəlif sahələrində bərəkətli həyatı bizim üçün ərməğan gətirər”.
Sileyi-Rəhm. Peyğəmbərimiz (s) buyurur: “Hər kim ömrünün uzun və ruzisinin çox olmasını istəyirsə, İlahi təqvaya riayət etsin və sileyi-rəhm (qohumları yad etmək) etsin”.
Evə daxil olduqda salam vermək. Peyğəmbərimiz (s) buyurur: “Evə daxil olduğunuz zaman salam verin. Bu, həm evə bərəkət gətirər, həm də mələkləri sizinlə yaxın edər”.
Ticarətdə dürüstlük. Peyğəmbərimiz (s) buyurur: Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman iki ticarətçi düz danışar, onların hər ikisinə bərəkət verilər. Nə zaman yalan desələr, heç birinə bərəkət verilməz”.
İlahi təqdirə razı olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin ruzisi olar, çarəsiz ona çatar. Hər kim ona razı olar – onun üçün bərəkətli olar. Hər kim ona razı olmaz – nə bərəkət tapar və nə də ona kifayət edər”.
Qənaət. Peyğəmbərimiz (s) buyurur: “Qənaət – bərəkətdir”.
Bərəkət, insan həyatının mənəvi zənginliyini artıran mühüm bir nemətdir. Onu cəlb etmək üçün həm maddi, həm də mənəvi qaydalara riayət etmək lazımdır. Dualar, təqva, zəkat, dürüstlük və qənaət insanı bərəkətli bir həyat yoluna aparır.
mənbə:az.shafaqna.com