Maduro: "Fələstin xalqı gec-tez qalib gələcək"

Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, "Fələstin xalqı ədalətə layiqdir və bütün insanlığın dəstəyi ilə gec-tez qalib gələcəklər".
Karakasda keçirilən “Fələstinlə Beynəlxalq Həmrəylik Konfransı”nda çıxış edən Maduro, Fələstin məsələsini ən güclü şəkildə dəstəkləməyə davam edəcəklərini bildirib.
Maduro deyib: "Ədalətli bir dünya yaratmaq üçün keçən əsrdən miras qalan mübarizələrin səbəblərinə baxsanız, Fələstin məsələsi bəşəriyyətin ən haqlı məsələsidir. Bu, bəşəriyyəti birləşdirən bir məsələdir".
ABŞ-ı, Avropanı və Latın Amerikasının ifrat sağçılarını İsrailin Fələstində həyata keçirdiyi soyqırıma şərik olmaqda günahlandıran Maduro, faşizmə və sionizmə qarşı qlobal mübarizənin bir hissəsi olaraq Fələstini və onun hüquqlarını müdafiə edəcəklərini bildirib.
Maduro, Fələstin xalqının öz müstəqil dövlətinə sahib olmaq hüququnu qətiyyətlə dəstəklədiklərini vurğulayaraq, "Fələstində bu gün canlı bir soyqırıma şahidlik edirik. Hər gün uşaqlara, qadınlara və kişilərə qarşı törədilən cinayətlərə görə dərin kədər hiss edirik" deyib.
Fələstinin yaşamaq, müstəqillik və mövcud olmaq hüququnun müdafiəsinin əhəmiyyətinə toxunan Maduro, Fələstin məsələsinin Venesuela, Latın Amerikası və Karib hövzəsinin mövcudluq hüququ qədər önəmli olduğunu bildirib.
Venesuelanın Fələstin və Yaxın Şərq xalqları ilə həmrəy olduğunu vurğulayan Maduro, "İnsanlığın malik olduğu ən vacib mübarizə insan vətəni üçün, Fələstinin azadlığı üçündür. Fələstin xalqı ədalətə layiqdir və bütün insanlığın dəstəyi ilə gec-tez qalib gələcəklər" deyə qeyd edib.
mənbə: iqna