Qardabanidə baş vermiş qətl haqqında yeni təfərrüatlar məlum olub

Feb 5, 2026 - 21:01
 0  78
Qardabanidə baş vermiş qətl haqqında yeni təfərrüatlar məlum olub

TV Pirveli əldə etdiyi məlumata görə, keçmiş əri tərəfindən öldürülən qadın 30 yaşlı Mariam Qaxokidzedir. O, bir ay əvvəl Almaniyadan Gürcüstana qayıdıbmış. Qətli törədən şəxs isə milliyyətcə azərbaycanlı olan Polad Əliyevdir.

Xeber.ge xeber  verir ki, yerli sakinlərin verdiyi məlumata görə, cütlük bir il əvvəl boşanıb, bundan sonra qadın xaricə gedib. Qonşuların sözlərinə görə, Almaniyadan qayıdan qadın keçmiş əri tərəfindən daim təzyiq və təqiblərə məruz qalıb. Bu səbəbdən cəmi bir neçə gün əvvəl polis kişi barəsində məhdudlaşdırıcı (qoruyucu) order çıxarıbmış.

Cinayətin motivinə gəlincə, yerli sakinlər "TV Pirveli"yə bildiriblər ki, keçmiş ər 30 yaşlı qadını qısqanclıq zəminində öldürüb. Mariam Qaxokidzeyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Polad Əliyev özü polisə təslim olub və cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin 11-prima 109-cu maddəsi (ailə üzvünün ağırlaşdırıcı hallarda qəsdən öldürülməsi) ilə istintaq aparılır.