“Qanuni oğru”nun qardaşı Levan Canqvelaşvilinin qətlində şübhəli kimi Giorgi Miqadze saxlanılıb

Tbilisinin mərkəzində, Çavçavadze prospektində 14 martda baş verən qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi biznesmen Giorgi Miqadzeni saxlayıb.
Bu barədə məlumatı DİN-in Tbilisi Polis Departamentinin direktoru Vaja Siradze brifinqdə açıqlayıb.
Siradze saxlanılan şəxsin yalnız baş hərflərini açıqlasa da, hökumətyönlü “İmedi” telekanalı onun Giorgi və ya David Miqadze qardaşlarından biri olduğunu bildirdi. Sonradan “Azadlıq Radiosu”nun mənbəyi saxlanılan şəxsin Giorgi Miqadze olduğunu təsdiqlədi.
Giorgi və David Miqadze qardaşlarının adı bu iş üzrə istintaqda dəfələrlə hallanıb. “TV Pirveli” telekanalı onların iştirakı ilə bağlı bir neçə reportaj yayımlamışdı. Kanalın məlumatına görə, hadisə baş verən zaman qardaşlar Gürcüstanda deyildilər.
Vaja Siradzenin sözlərinə görə, istintaq müəyyən edib ki, D.M. və G.M. (Miqadze qardaşları nəzərdə tutulur) biznes fəaliyyəti və digər məsələlərlə bağlı L.J. ilə qarşıdurmada olublar və ona qarşı şəxsi düşmənçilik motivinə malik idilər. Bu səbəbdən onun sifarişi ilə qətlin təşkilini həyata keçiriblər. Qarşıdurmada olan şəxslər G.J.-yə müraciət edərək cinayəti törədəcək şəxsin tapılmasında kömək istəyiblər.
DİN-in məlumatına görə, daha iki nəfər (G.K. və M.B.) saxlanılıb, iki nəfərə (G.J. və D.M.) isə qiyabi ittiham irəli sürülüb. Qiyabi ittiham o deməkdir ki, həmin şəxslər Gürcüstana qayıtdıqları anda sərhəddə dərhal həbs olunacaqlar. Qiyabi ittiham olunanlardan biri saxlanılan Giorgi Miqadzenin qardaşı David Miqadzedir.
Saxlanılanlar və ittiham olunanlara qarşı cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin dörd maddəsi üzrə açılıb: sifarişlə və tamah məqsədilə qəsdən adam öldürmənin təşkili, qrup halında odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və satılması, xüsusilə ağır cinayəti gizlətmə və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə yalan məlumat vermə (25/109-cu, 236-cı, 375-ci və 370-ci maddələr).
Levan Canqvelaşvilinin qətli
Atəş səsləri Tbilisinin Vake rayonunda 14 mart saat 23:32-də eşidilib. “Qanuni oğru” Merab Canqvelaşvilinin (“Soxumsk” ləqəbli) qardaşı Levan Canqvelaşvili aldığı güllə yaralarından hadisə yerində ölüb.
58 yaşlı biznesmen Levan Canqvelaşvili Gürcüstana bir neçə günlük səfərə gəlmişdi və şəhərdə mühafizəçilərin müşayiəti ilə hərəkət edirdi. Qətl zamanı çəkilmiş görüntülərdə görünür ki, silahlı şəxs Çavçavadze prospektində onu gözləyir, o, binadan çıxan kimi arxasınca gedir, bir neçə metr yanaşı hərəkət edir və sonra atəş açır.
Qətldən üç gün sonra, 17 martda Daxili İşlər Nazirliyi 1975-ci il təvəllüdlü G.U.-nun saxlanıldığını açıqladı. Sonradan məlum oldu ki, Gela Udzilauri qəsdən adam öldürməkdə və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsində ittiham olunur. Ona 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
mənbə: marneulifm