Qəzzada şəhidlərin sayı 73 min 449 nəfərə çatıb
İsrail rejiminin Qəzza zolağında cinayətlərini davam etdirməsi ilə bu bölgədə həlak olanların ümumi sayı 73 min 449 nəfərə çatıb.
XEBER.GE xeber verir ki, Qəzza Səhiyyə Nazirliyi bildirib ki, son 48 saat ərzində İsrail rejiminin hücumları nəticəsində 10 nəfər şəhid olub, daha 18 nəfər isə yaralanıb.
Məlumata görə, 11 oktyabr 2025-ci ildə atəşkəs elan ediləndən indiyədək 1 313 nəfər şəhid olub, 4 361 nəfər isə yaralanıb.
Həmçinin bu müddət ərzində dağıntılar altından 815 şəhidin cəsədi çıxarılıb.
Bu şəhidlər də nəzərə alınmaqla, 7 oktyabr 2023-cü ildən indiyədək Qəzzada şəhidlərin ümumi sayı 73 min 449 nəfərə, yaralananların sayı isə 174 min 472 nəfərə çatıb.
Bu statistikanın yayımlandığı bir vaxtda, “Qəzza Sülh Şurası” adlanan qurumun yüksək səviyyəli nümayəndəsi Nikolay Mladenov Qəzza zolağında atəşkəs razılaşmasının çökməsi barədə xəbərdarlıq edib və müharibəyə qayıdışın dağıdıcı olacağını vurğulayıb.
O, “Əl-Cəzirə” xəbər şəbəkəsinə bildirib: “Yol xəritəsinə əməl edilməməsi Qəzzada atəşkəs üçün təhlükə yaradır və bu, atəşkəsin çökməsinə səbəb ola bilər.”
Mladenov sözlərinə belə davam edib: “Qəzzada atəşkəsin çökməsi ilə bağlı xəbərdarlığım həm Fələstin, həm də İsrail tərəfinə aiddir. Qəzza zolağı ilə bağlı hazırkı plandan daha yaxşı alternativ yoxdur və müharibəyə qayıdış dağıdıcı olacaq.”
O qeyd edib: “Qəzza zolağında sabitliyi təmin və qoruyacaq beynəlxalq qüvvələrin yerləşdirilməsi mexanizmini və onların bu bölgədə yerləşəcəyi məntəqələri müəyyən etmişik. Mərakeşlə bu beynəlxalq qüvvədə Qəzzada iştirak etməsi barədə razılığa gəlmişik, Türkiyə isə bu qüvvədə iştirak etməyəcək.”