Ozurgetidə qanlı qarşıdurma: DTX əməkdaşı döyülüb, bir nəfərin ölümü araşdırılır

Jan 12, 2026 - 19:17
Jan 12, 2026 - 19:19
 0  53
Ozurgetidə qanlı qarşıdurma: DTX əməkdaşı döyülüb, bir nəfərin ölümü araşdırılır

Gürcüstanın Ozurgeti şəhərində azyaşlılar arasında başlayan mübahisə qanlı qarşıdurma ilə nəticələnib.

Xeber.ge xeber  verir ki, Daxili İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi bəyanat yayıb.

Məlumata əsasən, iki azyaşlı arasında əvvəlki gün baş vermiş insident ailə üzvlərinin də qatıldığı kütləvi davaya çevrilib. Qarşıdurmada iştirak edənlər arasında Dövlət Təhlükəsizlik Xidmətinin Analitik Departamentinin əməkdaşı və digər yetkin şəxslər də olub.

DİN-in bəyanatında bildirilir ki, fiziki qarşıdurma zamanı DTX əməkdaşına xəsarət yetirilib, o isə öz növbəsində xidməti silahını çıxarıb. Nazirlik iddia edir ki, bir neçə nəfərin hücumuna məruz qalmasına baxmayaraq, xüsusi xidmət orqanının əməkdaşı silahdan atəş açmayıb.

Hazırda DTX əməkdaşı və onun azyaşlı qohumu müxtəlif xəsarətlərlə klinikaya yerləşdiriliblər.

Hadisənin ən ağır tərəfi isə qarşıdurmadan bir neçə saat sonra qeydə alınıb. Belə ki, insidentdə iştirak edən azyaşlılardan birinin babası hadisədən bir müddət sonra öz evində vəfat edib. İlkin məlumata görə, yaşlı kişinin ölümünə ürək tutması səbəb olub.

Faktla bağlı intensiv istintaq tədbirləri davam etdirilir. Artıq DTX əməkdaşı istintaq yekunlaşana qədər tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

.