Mixail Kavelaşvili Tehranda Məsud Pezeşkiyanla görüşdü-VİDEO

Jul 3, 2026 - 14:48
 0  8

Gürcüstan Prezidenti Mixail Kavelaşvili İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanla görüşüb. Bu barədə məlumatı Gürcüstan Prezidenti Administrasiyasının mətbuat xidməti yayıb.

XEBER.GE xəbər verir ki, görüş zamanı prezident İranda baş vermiş faciəvi hadisələrlə bağlı bir daha dərin hüznlə başsağlığı verib və həlak olanların xatirəsini ehtiramla yad edib.

Görüşdə Gürcüstan və İran arasında mövcud olan mehriban qonşuluq münasibətləri və ikitərəfli əməkdaşlığın gündəliyində duran mühüm məsələlər müzakirə olunub. Tərəflər regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyinə xüsusi diqqət yetiriblər.

Görüş zamanı hər iki ölkənin lideri Gürcüstan ilə İran arasında qarşılıqlı hörmətə, bir-birlərinin suverenliyinə və milli maraqlarının nəzərə alınmasına əsaslanan əməkdaşlığı yüksək qiymətləndiriblər. Gürcüstan Prezidenti İran dövlətinə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı olaraq dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Tehrana səfəri çərçivəsində Gürcüstan Prezidenti bu gün Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edəcək.

Qeyd olunub ki, rəsmi matəm və dəfn mərasimində region ölkələrinin, o cümlədən Türkiyə, Azərbaycan, Ermənistan liderləri və dünyanın müxtəlif dövlətlərinin rəhbərləri, yüksəkvəzifəli nümayəndə heyətləri iştirak edirlər.