Marneulidə məktəbdə bədbəxt hadisə: Doqquzuncu sinif şagirdi yaralanıb

Apr 16, 2026 - 21:45
 0  46
Marneulidə məktəbdə bədbəxt hadisə: Doqquzuncu sinif şagirdi yaralanıb

 Gürcüstan Daxili İşlər Nazirliyi  Marneuli şəhərindəki 4 nömrəli dövlət məktəbində şagirdlər arasında baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb.

Hadisə nəticəsində bir yeniyetmə xəsarət alıb.

Xeber.ge  "TV Pirveli"yə istinadən verdiyi məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 124-cü maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa zərər vurma) üzrə cinayət işi açılıb.

Hadisənin təfərrüatları: Yerli “Marneulinews.ge” portalının yaydığı məlumata əsasən, doqquzuncu sinif şagirdlərindən biri sinif yoldaşına dəftərxana bıçağı ilə xəsarət yetirib. Şahidlərin bildirdiyinə görə, hadisə qəsdən törədilməyib və uşaqların sinifdə oyunu zamanı bədbəxt hadisə nəticəsində baş verib.

İstintaq və yaralının vəziyyəti: Məlumata görə, insidentdə iştirak edən və hadisəyə şahidlik edən yeniyetmələr artıq polis tərəfindən dindirilib.

Yaralı şagirdə ilkin tibbi yardım göstərilib. Onun xəstəxanaya yerləşdirilib-yerləşdirilmədiyi barədə hələlik rəsmi məlumat verilməyib.

Hazırda hüquq-mühafizə organları hadisənin dəqiq səbəblərini araşdırır.