Lentexidə mədəniyyət mərkəzinin direktoru rüşvət alma ittihamı ilə saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Lentexi Bələdiyyəsi Meriyasının tabeliyində fəaliyyət göstərən “Jokia Meşvelianın adına Mədəniyyət Mərkəzinin” direktoru N.S.-ni rüşvət alma faktı ilə saxlayıb.
Bu barədə qurumda keçirilmiş brifinqdə məlumat verilib.
Nazirliyin yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, N.S. Lentexi Bələdiyyəsinin adından ictimai funksiyaları yerinə yetirirdi və ona tabe olan mədəniyyət mərkəzi, o cümlədən onun nəzdindəki ansamblın fəaliyyətinə rəhbərlik edirdi.
İstintaqın məlumatına əsasən, N.S. konsert proqramı və zalın 10 günlük icarəsi ilə maraqlanan şəxsə rüşvət kimi 20 000 lari tələb etmişdi. Onun planına görə, bu məbləğin 5 000 lari hissəsi rəsmi olaraq mədəniyyət mərkəzinin (A(A)İP) hesabına köçürülməli, 15 000 lari isə şəxsən ona verilməli idi.
Cinayət niyyətini gizlətmək məqsədilə N.S. iki saxta müqavilə hazırlamışdı – biri zalın icarəsinə, digəri isə guya konsertin keçirilməsinə dair.
O, tələb olunan məbləğin 7 000 larisini alarkən cinayət başında saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi üzrə aparılır. Bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaq xidməti qeyd edir ki, cinayətdə digər bələdiyyə vəzifəlilərinin də iştirakına dair araşdırmalar aktiv şəkildə davam edir.
İstintaq Xidmətinin nümayəndəsi Teona Devdariani vətəndaşlara Gürcüstan Konstitusiyası və qanunlarına əməl etməyə çağıraraq bildirib ki, xüsusilə dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsi və korrupsiya faktlarına qarşı ən sərt tədbirlər görüləcək.
mənbə: interpress