Kvemo Ponçalada partlayışın səbəbi açıqlanıb: 4 nəfər dağıntılar altından çıxarılıb
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili bildirib ki, Kvemo Ponçalada yaşayış binasının beşinci mərtəbəsində baş verən partlayışa qaz sobası səbəb olub.
XEBER.GE xeber verir ki, Tamazaşvilinin sözlərinə görə, qaz sobasını işə salan şəxs artıq dindirilib.
“Partlayışın səbəbi və mənbəyi müəyyən edilib. Hadisə qaz sobası səbəbindən baş verib. Beşinci mərtəbədə yaşayan şəxs qaz sobasını işə salmağa çalışıb. Onunla əlaqə saxlanılıb və o bildirib ki, gecə sobanı yandırıb, sonra söndürüb, səhər isə yenidən işə salmağa cəhd edərkən partlayış baş verib”, – deyə Tamazaşvili bildirib.
Hazırda “Korlar qəsəbəsi”ndə yanğınsöndürən-xilasedicilər, kinoloq qrupları, patrul polisi əməkdaşları və təcili tibbi yardım briqadaları işləyir.
Bir qədər əvvəl Kvemo Ponçalada baş verən partlayış nəticəsində “Korlar qəsəbəsi”ndə yerləşən beşmərtəbəli yaşayış binasının giriş hissəsi çöküb. Son məlumata görə, xilasedicilər dağıntılar altından 4 nəfəri çıxarıblar. Onlar xəstəxanalara yerləşdiriliblər.