Kobaxidze vizasız rejimin dayandırılması təhlükəsini "tamamilə utancverici addım" adlandırır

Jul 15, 2025 - 12:28
 0  42
Kobaxidze vizasız rejimin dayandırılması təhlükəsini "tamamilə utancverici addım" adlandırır

"Gürcü Arzusu" hökumətinin baş naziri İrakli Kobaxidze jurnalistlərin suallarını cavablandırarkən "Azad Avropa Radiosu"nun yaydığı məlumata münasibət bildirib. Məlumata görə, Avropa İttifaqının daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner 15 iyulda keçiriləcək Aİ-nin xarici işlər nazirlərinin iclası ərəfəsində Gürcüstan hökumətinə məktub göndərəcək və əgər hökumət Avropa yoluna geri dönmək üçün addımlar atmasa, vizasız rejimin dayandırılması ilə hədələyəcək.

İrakli Kobaxidzenin sözlərinə görə, gürcü xalqını şantaj etmək – ona görə ki, qanlı rejimin nümayəndələrini hakimiyyətə qaytarmayıb – “tamamilə utancverici hərəkətdir”:

Cəmiyyət özü qiymət versin, hansı məqsədlərlə konkret Avropa məmurları, o cümlədən Avropa bürokratları hakimiyyətə qanlı rejimin müəlliflərini, kollektivi ‘Vahid Milli Hərəkatı’ (keçmiş müxalifət partiyası) qaytarmaq istəyirdi... Gürcü cəmiyyətinin gözündə Avropa bürokratiyasına və təəssüf ki, Aİ-yə olan etimad ciddi şəkildə azalıb.

Bu prosesin qarşısını almaq üçün hər şey edilməlidir. Bunun üçün isə ilk növbədə, konkret Avropa məmurları Gürcüstanda qanlı rejimin müəlliflərini geri qaytarmaq fikrindən əl çəkməlidirlər.”

Avropa Komissiyasının məktubu barədə məlumat 14 iyulda platforma X-də Avropa Bürosunun redaktoru Rikard Yozvyak tərəfindən yayımlanıb. O yazıb ki, "Avropa Komissiyası Gürcüstana vizasız rejimin dayandırılması ilə bağlı hədələyici məktub hazırlayır."

15 iyulda Avropa İttifaqının xarici işlər nazirləri Gürcüstan məsələsini müzakirə edəcəklər – o cümlədən “əhəmiyyətli dərəcədə pisləşmiş vəziyyəti” və “Gürcü Arzusu”nun siyasətinə cavab tədbirlərini.

"Gürcü Arzusu"nun liderləri Aİ və onun rəhbərlərinin tənqidini “dərin dövlət”lə (deep state) əlaqələndirirlər və bildirirlər: “Avropa Gürcüstana nə qədər lazımdırsa, Gürcüstan da Avropa İttifaqına o qədər lazımdır.”

Gürcüstanla vizasız gediş-gəlişin əsaslarının yenidən nəzərdən keçirilməsi barədə Aİ-də müzakirələr hələ 2023-cü ildə başlanmış, 2024-cü ildə müəyyən hazırlıqlar görülmüşdü.

Eyni zamanda, artıq bir neçə aydır ki, Gürcüstanın diplomatik və xidmət pasportuna malik vətəndaşları Aİ ölkələrinə daxil olmaq üçün viza almağa məcburdur.
Bu məhdudiyyətlərin tətbiq olunması barədə məlumat əvvəlcə iyunun sonunda "Gürcü Arzusu" hökumətinin baş naziri İrakli Kobaxidze, sonra isə mübahisəli parlament sədri Şalva Papuaşvili tərəfindən təsdiqlənmişdi.

Papuaşvili demişdi:
“Hər kəsin bilməsini istəyirəm: 11 ölkə beynəlxalq hüququ pozur. Bu da Aİ üçün bir ayıbdır... Avropa Komissiyasının diplomatik və xidmət pasportlarına vizasız rejimin ləğvi ilə bağlı tövsiyəsi və ya qərarı beynəlxalq hüququn pozulmasıdır və bu qərarı qəbul edən bütün ölkələr beynəlxalq hüququ pozurlar.”

Euroscope onlayn nəşri məlumat yayıb ki, vizasız rejim məhdudiyyətləri Aİ-nin bir neçə ölkəsində tətbiq olunub:

  • Rumıniya
  • Bolqarıstan
  • Latviya
  • Litva
  • Estoniya
  • Lüksemburq
  • Niderland
  • Fransa
  • Belçika
  • İtaliya

“İsveçdə avqustdan tətbiq olunacaq. Macarıstan açıqdır, Avstriya da hələlik. Almaniya və Polşa ilə bağlı isə məlumat yoxdur,” – deyə 30 iyun tarixli məlumatda yazılır.

Aİ tərəfindən Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin ləğvi, Gürcüstanda baş verən avrointeqrasiya yönümlü aksiyalarla eyni vaxta təsadüf edib. Bu aksiyaların əsas tələbləri yeni parlament seçkilərinin keçirilməsi və həbs olunan etirazçıların azadlığa buraxılmasıdır. Etirazlara səbəb isə “Gürcü Arzusu”nun 2024-cü il noyabrın 28-də verdiyi qərar olub – hakim partiya qarşıdakı dörd il ərzində Gürcüstanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların açılmasını gündəmə gətirməyəcəyini bəyan edib.

Etiraz aksiyalarının zorakılıqla dağıdılmasından iki həftə sonra, 16 dekabrda Aİ xarici işlər nazirləri gürcü diplomatik və xidmət pasportları üçün vizasız rejimin ləğvini müzakirəyə çıxarıblar və 27 yanvarda bu qərarı qəbul ediblər.

Gürcüstan vizasız rejimi 2017-ci il 28 mart tarixindən, fəaliyyət planı və yol xəritəsi tələblərini yerinə yetirdikdən sonra əldə etmişdi.

mənbə: marneulifm