İvanişvili Gürcüstanı “Qara avqusta” hazırlayır

Jul 30, 2025 - 22:01
 0  135
İvanişvili Gürcüstanı “Qara avqusta” hazırlayır

"7 avqustda “Gürcü Arzusu” parlamentin müvəqqəti istintaq komissiyasının nəticələrini açıqlamağı planlaşdırır və bununla da məni 2008-ci ilin avqust müharibəsinin başlanmasına görə günahlandırmaq niyyətindədir."

Bu barədə Mixeil Saakaşvili bildirib.

Saakaşvili bildirir ki, bu yolla Rusiya ilə diplomatik münasibətlərin bərpası və işğal olunmuş ərazilərin qismən de-yure tanınması üçün zəmin yaradılacaq.

Onun sözlərinə görə, hökumət avqust ayını qəsdən seçib, çünki bu dövrdə əhali istirahətdə olur, Qərb siyasətçilərinin əksəriyyəti məzuniyyətdədir və isti hava da diqqətin yayındırılmasına şərait yaradır.

“İvanişvili Gürcüstan üçün qara avqustu hazırlayır. Bu, onun tərəfdarlarının həbsi və təqibi ilə bağlı “Santa-Barbara”dır və məqsədi əsas təhlükədən diqqəti yayındırmaqdır. Onun əsas planı siyasi opponentlərə qarşı təxribatlar təşkil etmək, onları silahlı çevriliş cəhdində ittiham etmək, həbs etmək,partiyaları və televiziyaları qadağan etməkdir.”

Saakaşvili əlavə edib ki, 7 avqustda Rusiyanın FSB-sinə “hədiyyə” olaraq parlament komissiyasının guya Ruslar tərəfindən hazırlanmış hesabatı açıqlanacaq. Bu hesabatda onun və dolayısıyla Gürcüstanın “cinayətkar müharibə” başlatmaqda ittiham olunacağı bildirilir. Bu isə Rusiya ilə diplomatik münasibətlərin bərpası və separatçı bölgələrin de-yure tanınması üçün əsas yaradacaq.

“İvanişvili bunu məhz avqust ayında edir – elə həmin səbəbdən, ruslar da bizə avqustda hücum etdilər. Bu dövrdə xalq istirahətdə olur, Qərb siyasətçiləri məzuniyyətdədir, hava istidir və diqqət yayına bilər. Bütün bunların arxasında Kreml planı dayanır. Mənə qarşı bu cür ittihamlar irəli sürülməsi planlaşdırılır – necə ki, Zelenskiyə, Azərbaycan və Ermənistan liderlərinə qarşı olunur. İvanişvilinin bu qədər proqnozlaşdırıla bilməsi, gürcü xalqının qələbəsini daha da sürətləndirəcək. Güc birlikdədir!” – deyə Saakaşvili öz “Facebook” səhifəsində yazıb.

mənbə: interpress