İsrail vətəndaşı Gürcüstan həbsxanasında öldü
Kutaisidəki 2 nömrəli cəzaçəkmə müəssisəsində İsrail vətəndaşı İqor Askarovun ölümü ilə bağlı sarsıdıcı xəbər yayılıb.
Xeber.ge "İnfo İmereti" nəşrinə istinadən xəbər verir ki, cəzasının bitməsinə cəmi 8 ay qalmış məhbus müəmmalı şəkildə həyatını itirib.
İqor Askarov ölümü öncəsi Gürcüstan hakimiyyətini, xüsusilə Ozurgeti polisini, prokurorluğu və saxlanıldığı Kutaisi 2 nömrəli həbsxanasının administrasiyasını ona qarşı işgəncə (წამება) tətbiq etməkdə ittiham edirdi.
Məlumata görə, İsrail vətəndaşının Gürcüstandakı dramı illər öncə başlayıb:
İqor Askarov 2010-cu ildə Ozurgeti bələdiyyəsinin Laituri qəsəbəsində 50 hektar torpaq sahəsi alaraq orada böyük fermer təsərrüfatı qurub.
Fermer fəaliyyəti dövründə o, dəfələrlə silahlı hücumların və müxtəlif qrupların təzyiqlərinin qurbanı olduğunu bildirirdi.
Daha sonra o, soyuq silahdan istifadə ittihamı ilə həbs olunub və Ozurgeti Rayon Məhkəməsi tərəfindən 7 il müddətinə azadlıqdan məhrum edilib.
İqor Askarov ona qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edirdi. O, çıxarılan hökmdən müxtəlif məhkəmə instansiyalarına şikayət edərək son gününə qədər hüquqi mübarizəsini davam etdirirdi.
Nəşrin yazdığına görə, məhbus özünü qurban kimi təqdim edir və mülkiyyətinin əlindən alınması üçün qəsdən şərləndiyini iddia edirdi.
Hazırda məhbusun ölüm səbəbi ilə bağlı rəsmi ekspertizanın rəyi gözlənilir.
Hadisə ilə bağlı İsrailin Gürcüstandakı səfirliyinin və hüquq müdafiəçilərinin məsələyə müdaxilə edəcəyi istisna olunmur.