İsrail Tehrandakı sinaqoqun vurulmasını etiraf edib
İsrail Müdafiə Ordusu Tehrandakı sinaqoqa endirilən zərbəyə aidiyyəti olduğunu etiraf edərək hədəfin yüksəkrütbəli İran komandanı olduğunu bildirib və yaxınlıqda yerləşən yəhudi sinaqoqunun dağılmasına görə təəssüfünü ifadə edib.
Xeber.ge xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri İsrail Müdafiə Ordusunun bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, İsrail Müdafiə Ordusu İranın fövqəladə hallar üzrə hərbi komandanlığı olan "Xatəm əl-Ənbiya"dan olan yüksəkrütbəli komandana zərbə endirildiyini etiraf edib.
"Zərbə nəticəsində yaxınlıqda yerləşən sinaqoqun da ziyan gördüyü barədə məlumatlar daxil olub. İsrail Müdafiə Ordusu sinaqoqa dəyən əlavə zərərə görə təəssüflənir və vurğulayır ki, zərbə İran silahlı qüvvələrindəki mühüm hərbi hədəfə yönəlib", - bəyanatda bildirilir.
Ordu zərbə zamanı mülki əhaliyə zərər dəymə riskinin minimuma endirilməsi üçün addımlar atdığını da açıqlayıb.
mənbə: report.az