İspaniyada "CACHABA" əməliyyatı: Gürcü və ispanlardan ibarət oğru dəstəsi çökdürülüb-VİDEO

May 15, 2026 - 14:36
 0  2

Gürcüstan və İspaniya hüquq-mühafizə orqanlarının birgə keçirdiyi "CACHABA" adlı beynəlxalq xüsusi əməliyyat nəticəsində mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.

Xeber.ge xəbər verir ki, İspaniya ərazisində keçirilən əməliyyat zamanı 13 nəfər saxlanılıb.

İstintaq nəticəsində müəyyən edilib ki, qrup üzvləri İspaniyanın müxtəlif bölgələrində baş vermiş 27 mənzil oğurluğunda iştirak ediblər.

Cinayətkar dəstə iki qoldan ibarət olub. Birinci qola bilavasitə mənzil oğurluqlarını həyata keçirən gürcü əsilli şəxslər, ikinci qola isə oğurlanmış əşyaların müxtəlif şəhərlərdə satışını təşkil edən İspaniya vətəndaşları daxil olub.

İki ölkənin polisləri eyni vaxtda Madrid, Valensiya, Qvadalaxara və Alikantedə, ümumilikdə 9 fərqli məkanda reydlər keçiriblər.

Faktla bağlı istintaq İspaniya Cinayət Məcəlləsinin müvafiq maddələri (510, 301 və 570-ci maddələr) ilə aparılır.

Törədilən cinayət əməllərinə görə saxlanılan şəxsləri 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.