Qardabanidəki dəhşətli qəzada ölənlərin sayısı 8-ə çatdı

May 15, 2026 - 14:44
 0  99
Qardabanidəki dəhşətli qəzada ölənlərin sayısı 8-ə çatdı
: :
playing

Gürcüstanın Qardabani bələdiyyəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində sağ qalan yeganə sərnişin də dünyasını dəyişib.

 Xeber.ge xəbər verir ki, bununla da faciə qurbanlarının sayı 8 nəfərə yüksəlib.

Rustavi Mərkəzi Xəstəxanasının direktoru Papuna Baxtadze bildirib ki, ağır vəziyyətdə klinikaya yerləşdirilən 24 yaşlı gənc üzərində bir neçə mürəkkəb cərrahi əməliyyat keçirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb:

"Ona lazımi cərrahi müdaxilələr edildi və müvafiq prosedurlar travmatologiya şöbəsində davam etdirildi. Lakin əməliyyatlar başa çatdıqdan sonra, axşam saatlarında xəstə vəfat etdi".

Xatırladaq ki, qanlı qəza mayın 14-də Qardabanidə baş verib. İçərisində 8 gəncin olduğu avtomobil yüksək sürətlə hədəfə - ağaca çırpılıb. Hadisə yerində 7 nəfər həyatını itirmişdi.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi (Nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması, iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə araşdırma aparılır.