İnfrastruktur Nazirliyinə məxsus vəsaitlərin mənimsənilməsi işi üzrə beş nəfər saxlanılıb

Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi, Gürcüstan Prokurorluğu ilə birgə keçirdiyi tədbirlər nəticəsində böyük məbləğdə dələduzluq və dələduzluqda köməkçilik ittihamı ilə beş nəfər saxlanılıb.
Bu barədə DTX məlumat yayıb.
Qurumun məlumatına görə, iş Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinə məxsus 4 184 249 larin mənimsənilməsinə aiddir. Saxlanılanlar arasında MMC “B.P. TRANS”-ın direktoru V.K., şirkətin əməkdaşı İ.Ç. və nəzarətçi şirkətin üç əməkdaşı var. Həmin şirkətin keçmiş direktoru və 100%-lik pay sahibi B.P. hazırda gizlənir, ona qarşı ittiham qiyabi irəli sürülüb və beynəlxalq axtarış elan edilib.
İstintaq müəyyən edib ki, 2021-ci ilin iyunundan 2022-ci ilin sentyabrınadək Kutaisi–Alpana–Mamison aşırımının avtomobil yolunda və Oni bələdiyyəsinin ərazisində təbii fəlakət nəticəsində zədələnmiş sahələrin bərpası zamanı təqsirləndirilən şəxslər dövlət vəsaitini mənimsəyiblər.
Cinayət işi Gürcüstan CM-nin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi və 25, 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə aparılır ki, bu da 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
DTX bildirir ki, iş üzrə digər mümkün iştirakçıların müəyyən edilməsi istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qurumun açıqlamasında qeyd olunur ki, prioritet korrupsiya faktlarının qarşısının alınmasıdır və istintaqla əməkdaşlıq edənlərə qanunvericilik çərçivəsində güzəştlər tətbiq olunacaq.
Məlumat üçün bildirək ki, təqsirləndirilən B.P. — Biçiko Paykidze — vaxtilə “Gürcü Arzusu” partiyasından Vanı Bələdiyyə Məclisinin majoritar deputatı olub.
mənbə: Intrepress.ge