İmeretidə “oğru dünyası” ilə əlaqədə ittiham olunan 4 nəfər saxlanılıb

Nov 11, 2026 - 11:03
 0  28

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, İmereti Polis Departamentinin əməkdaşları Qərbi Gürcüstan Regional Prokurorluğu ilə birgə həyata keçirdikləri kompleks əməliyyat və prosessual tədbirlər nəticəsində məhkəmə qərarı əsasında İmereti regionunda 4 nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, onlar “oğru dünyası”nın üzvü olmaqda və “oğru dünyası”nın üzvünə müraciət etməkdə ittiham olunurlar.

Nazirliyin məlumatında bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən intensiv şəkildə aparılan gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, “oğru dünyası”na üzv olmaqda ittiham edilərək saxlanılan şəxslər kriminal nüfuzlarından istifadə edərək iki vətəndaş arasında yaranmış şəxsi və maliyyə mübahisəsinin həllinə müdaxilə ediblər. Onlar “oğru qaydaları”na uyğun olaraq mübahisəli məsələni tərəflərdən birinin xeyrinə həll ediblər.

İstintaqla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslər şəxsi mənfəət əldə etmək məqsədilə kriminal nüfuzlarından istifadə edərək vətəndaşlar arasında yaranan maliyyə mübahisələrinin həllinə mütəmadi olaraq müdaxilə ediblər.

Onlar mübahisə edən tərəflərlə birlikdə “oğru razborkaları” təşkil edir və tərəflərdən birinin xeyrinə “oğru qərarları” qəbul edirdilər. Üzərlərinə qoyulan öhdəlikləri yerinə yetirmədikləri və ya müəyyən edilmiş müddəti pozduqları halda isə vətəndaşları fiziki zorakılıqla və öldürməklə hədələyirdilər.

Polis aparılan axtarışlar zamanı təqsirləndirilən şəxslərin bir-biri ilə əlaqə saxlamaq üçün istifadə etdikləri mobil telefonları maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima və 223-cü kvart maddələrinin birinci hissələri ilə istintaq aparılır. Həmin maddələr 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.