"İmedi" və İctimai Yayımçı televiziya kanalları Baçiaşvilinin məhkəmə iclasını çəkmək üçün icazə alıblar

Ali Ədliyyə Şurası "İmedi" və İctimai Yayımçı televiziyalarına "Birgə İnvestisiya Fondunun" keçmiş rəhbəri Qiorqi Baçiaşvilinin apellyasiya məhkəməsində keçiriləcək məhkəmə iclasını çəkə bilmələri üçün rəsmi icazə verib.
Məhkəmə iclası bu gün, 30 iyul saat 12:00-a təyin olunmuşdu. Bu, mediaya dair yeni qaydalar qüvvəyə mindikdən sonra ilk hadisədir ki, məhkəmə zalına kamera buraxılır.
27 iyun tarixində qüvvəyə minmiş Ümumi Məhkəmələr haqqında Qanuna dəyişikliklərə əsasən:
• Məhkəmə binalarında və həyətində foto/video çəkmək, audio yazı aparmaq və translyasiya etmək qadağan olunub.
• Çəkiliş üçün yalnız Ədliyyə Ali Şurasının icazəsi tələb olunur.
Jurnalistlər yalnız eşitdiklərini və gördüklərini qələmlə kağıza, kompüter və ya telefonla yaza bilərlər. Lakin telefonlardan çəkiliş məqsədi ilə istifadə qadağandır.
Həmçinin əvvəllər mövcud olan hüquqi zəmanət – məhkəmə binasında mobil telefon, kompüter və səs yazma cihazlarının müsadirə edilməsinin yolverilməzliyi ləğv olunub.
Televiziya kanalları "Azadlıq" radiosuna bildiriblər ki, çəkiliş icazəsini rəsmi şəkildə təsdiqləyiblər.
İctimai Yayımçı bildirib ki, bütün məhkəmə proseslərinə çəkiliş icazəsi almaq üçün müraciət ediblər. Qiorqi Baçiaşvilinin iclasını işıqlandırmaq üçün 28 iyul, bazar ertəsi günü müraciət ediblər və cavabı dünən alıblar.
"TV Pirveli" telekanalı isə bildirir ki, yüksək ictimai maraq doğuran digər proseslər – xüsusilə “vicdan məhbusu” kimi qəbul olunan, Qərbyönlü etirazlarda saxlanılan fəalların məhkəmə proseslərini çəkmək üçün də icazə istəyiblər, amma nə razılıq, nə də rədd cavabı almayıblar. Ədliyyə Şurasının üzvlərinin bu məsələni gündəmə gətirib-gətirmədiyi məlum deyil.
Ədliyyə Şurasının son iclası bazar ertəsi keçirilib, növbəti iclas isə bu gün saat 14:00-a planlaşdırılıb.
Qurumun mətbuat xidməti yoxdur, ictimaiyyətlə əlaqələr üzrə nümayəndə isə "məzuniyyətdə olduğunu və məsələni bilmədiyini" deyib.
"Birgə İnvestisiya Fondunun" keçmiş rəhbəri Qiorqi Baçiaşvili barəsindəki məhkəmə işi apellyasiya məhkəməsində aparılır.
O, keçmiş baş nazir və iş adamı Bidzina İvanişvilinin yaxın müttəfiqi olub.
Baçiaşvili “böyük məbləğdə vəsaitin mənimsənilməsi” və “qanunsuz gəlirin leqallaşdırılması” – yəni çirkli pulun yuyulması ittihamları ilə məsuliyyətə cəlb edilib.
mənbə: marneulifm