Hicablı müsəlman alim ilkə imza atıb
Müsəlman hicablı xanım nanotexnoloq öz sahəsində inqilabi yeniliyə imza atıb. O, bakteriyaların bir-biri ilə ünsiyyətini “dinləməyə” imkan verən yeni üsul icad edib. Bu texnologiya bakteriyaların antibiotiklərə qarşı davamlılığı ilə mübarizəyə və bir qrup xəstəliyin cəmi bir neçə saniyə ərzində dəqiq diaqnozunun qoyulmasına kömək edə bilər.
XEBER.GE xəbər verir ki, doktor Fatimə Əz-Zəhra Əl-Ətraktçi bildirib: “Testimdə istifadə olunan yeni texnologiya bakteriyaları aşkar edə və 30 saniyə ərzində diaqnoz qoya bilir. Ümid edirəm ki, bu, həkimlərə dərhal konkret dərmanlar təyin etməyə, ümumi müalicə üsullarından və ya təxminlərə əsaslanan qərarlardan daha az istifadə etməyə imkan verəcək”.
Müsəlman olan və iki uşaq anası Fatimə Küveytdə anadan olub. Onun Livan və İraq kökləri var. O, 2018-ci ilin yanvarında Danimarka Texniki Universitetində fizika və nanotexnologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini təsdiq edən sertifikat alıb.
Əl-Ətraktçi immun sistemi zəif olan insanlara təsir edən bakterial infeksiyaların törədicisi olan Pseudomonas aeruginosa — göy-yaşıl irin çöplərini ənənəvi üsullarla müqayisədə daha sürətlə aşkar edə bilən sensor ixtira edib.
Bu ixtirasına görə Əl-Ətraktçi 2017-ci ilin noyabrında 30 yaşadək istedadlı alimlər üçün Lundbek Fondunun təsis etdiyi beş mükafatdan birinə layiq görülüb. Bundan sonra o, tədqiqatlarını inkişaf etdirmək, genişləndirmək və kommersiyalaşdırmaq məqsədilə özünün “PreDiagnose” şirkətini yaradıb.
Əl-Ətraktçinin hələ də işlənib hazırlanma mərhələsində olan testi sidik yollarının infeksiyalarından tutmuş kistik fibrozlu xəstələrdə ağciyər infeksiyalarına qədər müxtəlif xəstəliklərin diaqnostikasında istifadə oluna bilər.
İnnovativ test bakteriyaların çoxalıb koloniyalar yaratmağa və hücum etməyə başlamazdan əvvəl, yəni həyat üçün təhlükəli vəziyyətə çevrilməmişdən qabaq öz aralarında apardıqları “söhbətləri” qeydə alır.
Tədqiqatçılar vurğulayıblar ki, boğazdan yaxma götürülməsi kimi hazırda tətbiq olunan standart müayinə üsulları bir neçə gün çəkir və diaqnoz yalnız bundan sonra qoyula bilir. Nəticədə həkimlər bəzən analizlərin cavabını gözləmədən antibiotiklər təyin edirlər. Bu isə bakteriyaların dərmanlara qarşı davamlılığının artmasına şərait yaradır. Antibiotiklərə davamlılıq qlobal səhiyyə üçün ən böyük təhdidlərdən biri hesab olunur.
“İnfeksiyanın araşdırılması zamanı götürülən nümunələr əsasında müalicə alacaqsınız. Bütün bakteriyalara təsir edən antibiotiklər var, lakin onlar konkret törədiciyə qarşı kifayət qədər spesifik deyil. Həkimlər laboratoriya nəticələrinə əsasən dərmanları dəyişirlər”, — deyə Əl-Ətraktçi izah edib.
“Bu köhnə standart üsul resursların böyük israfıdır. Mənim fərziyyəm ondan ibarətdir ki, əgər bakteriyanın dəqiq növünü müəyyən edə bilsək, müalicəni birbaşa həmin bakteriyaya yönəldə və hər xəstəyə təyin olunan antibiotiklərin miqdarını azalda bilərik. Əslində, bakteriyalar molekullar ifraz etməklə bir-biri ilə əlaqə qururlar. Bu molekullar kifayət qədər çox toplandıqda bakteriyalara tək olmadıqları barədə siqnal verir”, — deyə o əlavə edib.
Fatimənin sözlərinə görə, bakteriyalar kifayət qədər çoxaldıqda orqanizmə hücum etmək imkanının yarandığını anlayırlar. Birlikdə hərəkət edərək sağlam bakteriyaları sıxışdıra, sürətlə çoxala və insan orqanizmi üçün təhlükəli olan toksin ifraz edə bilirlər.
Əl-Ətraktçi 2016-cı ildə kistik fibrozdan əziyyət çəkən 62 xəstə üzərində test apararaq ixtirasının potensialını nümayiş etdirib. Test ənənəvi diaqnostik müayinələrin nəticələri mənfi olan xəstələrin yarıdan çoxunda bakteriyaların bir-biri ilə əlaqə qurduğunu aşkar edib.
“Genişləndirilmiş klinik sınaqlar aparılır. Müalicə planını dəyişdirmək üçün əməl edilməli olan tövsiyələr mövcud olduğundan, bir il ərzində testin ən azı bir mikroorqanizm üzərində tətbiqinə başlanılmalıdır”, — deyə o, ümidlə bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bütün bölgələrində antibiotiklərə qarşı davamlılıq təhlükəli dərəcədə yüksək səviyyələrə çatır. Antibiotiklərə davamlılıq bakteriyaların bu dərmanların istifadəsinə cavab olaraq dəyişməsi nəticəsində yaranır.
Antibiotiklərə qarşı davamlılıq qazananlar insanlar və ya heyvanlar deyil, bakteriyalardır. Bu bakteriyalar insanlara və heyvanlara yoluxa bilər. Onların törətdiyi infeksiyaların müalicəsi isə davamlı olmayan bakteriyaların səbəb olduğu infeksiyalara nisbətən daha çətindir.