HACI NAMİQ HÜSEYNOV:"ÇOX XOŞA GƏLMƏYƏN HADİSƏLƏRDİR."
Qardaban rayonunun İmam Cüməsi Hacı Namiq Hüseynov qonşu Azərbaycan ölkəsindəki baş verən təhsil mərkəzlərində hicab qadağası ilə əlaqədar olan suallarımızı cavablandırdı.
1.Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmaması ilə bağlı son hadisələri necə qiymətləndirirsiniz?
Təbii ki, bu hadisələri mənfi qiymətləndirirəm. Bunlar heç də xoşagələn hadisələr deyil. Hicablı şagirdlərin və müəllimələrin məktəblərə buraxılmaması narahatedici bir vəziyyətdir. Təhsil müəssisələrində belə halların baş verməsi, xüsusilə də hicablı uşaqların təhsillə bağlı çətinliklərlə üzləşməsi düzgün hesab edilə bilməz. Ümumilikdə, bu hadisələrə mənfi yanaşır və belə halların baş verməsini təəssüf doğuran bir məsələ kimi qiymətləndirirəm.
2.Sizcə, Azərbaycandakı hicablı qızlara və onların valideynlərinə necə dəstək vermək lazımdır?
Hicablı qızlara və onların valideynlərinə müxtəlif yollarla dəstək göstərmək mümkündür. İnsanlar bu məsələ ilə bağlı öz mövqelərini açıq şəkildə ifadə edə, baş verən hadisələrə dair mənfi təəssüratlarını və narahatlıqlarını paylaşa bilərlər. Eyni zamanda, bu qadağanı tətbiq edən şəxslərin yanlış addım atdıqlarını və belə davranışın düzgün olmadığını bəyan etməklə dəstək göstərmək olar. Əsas məsələ insanların öz mövqelərini bildirməsi və baş verənlərə qarşı münasibətlərini açıq şəkildə ifadə etməsidir.
3.Gürcüstanda yaşayan müsəlmanların hicablı şagirdlərin məktəbə buraxılmamasına etiraz etməsini necə qiymətləndirirsiniz? Sizcə, bu etiraz doğrudurmu?
Bu məsələdə hər kəsin öz mövqeyi və yanaşması ola bilər. İnsanların baş verən hadisələrlə bağlı hansı mövqeni seçməsi onların şəxsi qərarıdır. Hər kəs məsələyə öz düşüncəsinə və münasibətinə uyğun yanaşa bilər. İnsanların öz mövqelərini ifadə etməsi və bu hadisələrə münasibət bildirməsi fərdi seçimdir.
4.Sizcə, Gürcüstan ruhaniləri bu məsələyə lazımi və yetərli səviyyədə münasibət bildirirlərmi?
Hər bir ruhani bu məsələyə hansı formada münasibət bildirəcəyini özü müəyyən edir. İstər kəndlərdə, istər şəhərlərdə, istərsə də rayonlarda yaşayan ruhanilərin hər birinin öz mövqeyi və yanaşması var. Bu baxımdan, kimin necə mövqe bildirməsi onun şəxsi qərarıdır. Bununla belə, ümumi olaraq, Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmaması hadisəsinə mənfi münasibət bildirilməsini vacib hesab edirəm. Baş verənlərə qarşı mənfi mövqenin ifadə olunması bu məsələyə münasibətin göstərilməsi baxımından əhəmiyyətlidir.