Gürcüstandakı vəziyyəti yaxından izləyirik, yeni sanksiyalar mümkündür

Avropa İttifaqı (Aİ) Baltikyanı ölkələrin qərarlarını nəzərə alaraq, Gürcüstanda baş verən hadisələrə cavab olaraq əlavə tədbirlər görməyə, o cümlədən sanksiyalar tətbiq etməyə hazırdır.
Bu barədə Brüsseldə Aİ mətbuat xidmətindən “Interpressnews” agentliyinin xüsusi müxbirinə bildirilib.
Məlumata görə, Gürcüstanın hakim partiyasının addımları fundamental hüquq və azadlıqların pozulmasına, həmçinin vətəndaş cəmiyyətinin fəaliyyət sahəsinin daha da məhdudlaşdırılmasına yönəlib.
“Biz Baltikyanı ölkələrin qərarlarını nəzərə alırıq. “Gürcü Arzusu”nun repressiya siyasəti əsas hüquq və azadlıqları pozmağa və vətəndaş cəmiyyətinin fəaliyyət sahəsini daha da məhdudlaşdırmağa yönəlib. Bu səbəbdən Avropa İttifaqı artıq müəyyən addımlar atıb:
• Aİ Gürcüstan hakimiyyəti ilə siyasi əlaqələri məhdudlaşdırıb, yalnız mövcud vəziyyətdən çıxış yolu tapmağa yönəlmiş təmasları davam etdirir;
• Gürcüstan hökumətinə 120 milyon avrodan çox birbaşa yardım dayandırılıb;
• 2024-cü il üçün Avropa Sülh Fondu vasitəsilə nəzərdə tutulan 30 milyon avroluq dəstək tədbiri ləğv edilib və 2025-ci ildə yeni dəstək planlaşdırılmır;
• Aİ vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstəyini artırır və Gürcüstandakı son qanunvericilik təşəbbüslərinin bu sahələrə təsirini yaxından izləyir;
• Avropa Şurası gürcü diplomatları, rəsmi şəxslər və onların ailələri üçün vizasız gediş-gəlişi dayandırıb.
Aİ nümayəndələri bildiriblər ki, vəziyyətin inkişafından asılı olaraq, məsul şəxslərin zorakılığa görə cavab verməsi üçün əlavə sanksiyalar tətbiq edilə bilər.
mənbə: Interpress