Avropaya giriş-çıxış üzrə yeni qaydalar qüvvəyə minir

Aug 25, 2025 - 14:23
 0  87
Avropaya giriş-çıxış üzrə yeni qaydalar qüvvəyə minir

Avropa İttifaqına (Aİ) giriş-çıxış qaydalarında dəyişikliklər qüvvəyə minir. 

Yeni Entry/Exit System (EES) – Giriş-çıxış sistemi 12 oktyabrdan mərhələli şəkildə tətbiq olunmağa başlayacaq.

Altı ay ərzində Aİ üzv dövlətləri sistemi tədricən işə salacaqlar və müddətin sonunda EES bütün sərhəd-keçid məntəqələrində fəaliyyət göstərəcək.

Məlumata görə, yeni sistem Avropa İttifaqına daxil olmayan vətəndaşların 29 ölkəyə, o cümlədən Şengen zonası ilə assosiasiya olunmuş dövlətlərə qısamüddətli səfərlərini rəqəmsal qaydada qeydə alacaq. Sistem barmaq izi, üzün təsviri kimi biometrik məlumatları toplayaraq, mövcud pasport ştampı prosedurunu əvəz edəcək.

Aİ bildirir ki, EES sərhədlərin idarə olunmasını müasirləşdirəcək, ölkədə qalma müddətini pozan şəxslərin və sənəd saxtakarlığı hallarında fırıldaqçıların müəyyənləşdirilməsinə imkan verəcək. Yeni qaydalar ən yüksək məxfilik və məlumatların qorunması standartlarına uyğun olacaq.

Qeyd edək ki, EES Aİ-nin təşəbbüsüdür və məqsədi qanunsuz miqrasiyanın, vizasız rejim qaydalarının pozulmasının qarşısını almaq, eləcə də sərhəd təhlükəsizliyini gücləndirməkdir.

Məlumat üçün bildirək ki, yeni sistem Gürcüstana da şamil ediləcək.

mənbə: aktual