Saqarəcoda iki qardaşı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Saqarəcoda qardaşların qətli – ağırlaşdırıcı hallarda iki nəfəri qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
XEBER.GE xeber verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari il noyabrın 5-də Saqarəco bələdiyyəsinin kəndlərindən birində əvvəllər baş vermiş münaqişə zəminində odlu silahdan dəfələrlə atəş açaraq iki nəfəri yaralayıb və hadisə yerindən qaçıb.
Məlumata görə, aldığı xəsarətlər nəticəsində hər iki kişi dünyasını dəyişib.
“Polis əməkdaşları keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi hadisədən dərhal sonra təqsirləndirilən şəxs qismində saxlayıblar. Polis cinayətin törədildiyi silahı maddi sübut kimi götürüb”, – DİN bildirir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.