Gürcüstandan Türkiyədə ağır cinayətlərə görə axtarılan şəxs deportasiya edilib

Nov 6, 2026 - 12:32
 0  16
Gürcüstandan Türkiyədə ağır cinayətlərə görə axtarılan şəxs deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbiri çərçivəsində Türkiyədə müxtəlif ağır cinayətlərə görə axtarışda olan Türkiyə vətəndaşını saxlayıblar. Həmin şəxs Gürcüstandan deportasiya edilib.

XEBER.GE xeber  verir ki, bu barədə DİN məlumat yayıb.

Qurumun məlumatına görə, əldə edilən məlumatlar əsasında Miqrasiya Departamentinin əməkdaşları konkret ərazidə yoxlama aparıblar. Məlum olub ki, həmin şəxs əmək fəaliyyəti hüququ olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bu isə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununun 64-cü maddəsinin “m” bəndinə əsasən deportasiya üçün əsasdır.

Keçirilən tədbirlər nəticəsində həmçinin müəyyən edilib ki, saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən ölkə daxilində müxtəlif cinayətlərə görə axtarışda olub. Bunlara qəsdən adam öldürmə, cinayətin gizlədilməsi, saxlanılmaqdan yayınmaq məqsədilə törədilmiş qətl, rüşvət vermə, hədə-qorxu gəlmə və dələduzluq ittihamları daxildir.

Miqrasiya Departamentinin əməkdaşları saxlanılan şəxsi “Sarpi” sərhəd-keçid məntəqəsinə qədər müşayiət ediblər. O, sonrakı hüquqi tədbirlərin görülməsi üçün Türkiyə hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib.