Gürcüstanda yeni tədris ili başlayır
Yay tətilinin bitməsi ilə uşaqlar yenidən rejimə qayıdırlar. 2026-2027-ci tədris ili Gürcüstanın dövlət məktəblərində və Tbilisinin dövlət uşaq bağçalarında 15 sentyabr tarixində başlayacaq.
XEBER.GE xeber verir ki, dərs ilinin başlanması həm uşaqlar, həm də valideynlər üçün xüsusilə emosional bir dövrdür. Bəzi uşaqlar yeni rejimə asanlıqla uyğunlaşsa da, bəziləri üçün səhər tez oyanmaq, valideyndən ayrılmaq və yeni gün cədvəli əlavə streslə müşayiət olunur.
Valideynlər əvvəlcədən nə etməlidirlər?
İlk növbədə, uşağın bir neçə gün əvvəldən yuxu və oyanma rejimini qaydaya salması məqsədəuyğundur. Əgər yayda gec yatıb gec oyanırdısa, rejimin birdən-birə dəyişməsi yorğunluq və əsəbilik yarada bilər.
Həmçinin valideynin uşağa gününün necə keçəcəyini — məktəbə və ya bağçaya nə vaxt gedəcəyini, kimlərlə görüşəcəyini və evə nə vaxt qayıdacağını əvvəlcədən izah etməsi vacibdir. Bu, xüsusilə bağçaya və ya məktəbə ilk dəfə gedən uşaqlara kömək edir.
Psixoloqlar tez-tez valideynlərə uşağın həyəcanına "narahat olmağa dəyməz" kimi ifadələrlə cavab verməməyi tövsiyə edirlər. Yaxşı olar ki, uşağı dinləsinlər və hisslərinin normal olduğunu ona bildirsinlər.
Bağçaya ilk dəfə gedən uşaqların isə xüsusilə sakit və ardıcıl ayrılığa ehtiyacı var. Valideynin uzun-uzadı sağollaşması və ya uşağı gizlicə qoyub getməsi həyəcanı daha da artıra bilər. Yaxşısı budur ki, sağollaşma qısa, səmimi və əvvəlcədən razılaşdırılmış olsun.
Bununla yanaşı, ilk günlərdə uşaqdan ideal davranış və tez bir zamanda adaptasiya gözlənilməməlidir. Bəzilərinə yeni mühitə öyrəşmək üçün bir neçə gün, bəzilərinə isə bir neçə həftə lazım olur.
2026-2027-ci tədris ili məktəblərdə 15 sentyabrda başlayır. İlk semestr dekabrın 29-da başa çatacaq, bundan sonra isə qış tətili başlayacaq.