Gürcüstanda xarici vətəndaş və şirkət barəsində cinayət işi açıldı

Oct 10, 2026 - 12:17
 0  29
Gürcüstanda xarici vətəndaş və şirkət barəsində cinayət işi açıldı

Gürcüstan Baş Prokurorluğu xarici ölkə vətəndaşına və hüquqi şəxsə qarşı xüsusilə külli miqdarda çirkli pulların yuyulması faktı üzrə cinayət təqibinə başlayıb.

XEBER.GE xeber  verir ki, Prokurorluğun Müstəntiq Hissəsinin keçirdiyi araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs mənşəyi məlum olmayan külli miqdarda vəsaiti leqallaşdırmaq məqsədilə Gürcüstanda sahibkarlıq fəaliyyəti məqsədi gütmədən şirkət təsis edib. Həmin şirkətin bank hesablarına saxta müqavilələr əsasında xaricdən 2.5 milyon lari ekvivalentində xarici valyuta köçürülüb.

Təqsirləndirilən şəxs vəsaitin mənşəyini qanuni gəlir kimi pərdələyərək onun bir hissəsini saxta hesablaşma sənədləri əsasında yenidən xaricə transfer edib.

Faktla bağlı başlanan cinayət təqibi 12 ilədək azadlıqdan məhrumetmə cəzasını, hüquqi şəxsə nisbətdə isə ləğv edilməni, fəaliyyət hüququnun məhdudlaşdırılmasını və ya cəriməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək. Həbs qərarı çıxarılacağı təqdirdə xarici vətəndaş axtarışa veriləcək. Həmçinin istintaq çərçivəsində həbs qoyulmuş 2.5 milyon lari ekvivalentində vəsaitin dövlət xeyrinə müsadirə olunması üçün hüquqi prosedurlar həyata keçiriləcək.