Gürcüstanda onlayn fırıldaqçılıq: 42 nəfərin pulunu mənimsəyib
Gürcüstan Prokurorluğu mütəşəkkil dəstə tərəfindən külli miqdarda vəsaitin fırıldaqçılıq yolu ilə mənimsənilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (pul yuyulması) faktları üzrə xüsusi əməliyyat keçirib.
Xeber.ge xeber verir ki, cinayətkar şəbəkənin aparıcı üzvlərindən biri saxlanılıb.
Kvemo Kartli Bölgə Prokurorluğu tərəfindən aparılan istintaq zamanı qanunsuz şəbəkənin iş mexanizmi ifşa edilib:
Təqsirləndirilən şəxs və onun cinayətkar ortaqları vətəndaşlara qısa zamanda yüksək gəlir əldə etmək vədi veriblər.
Onlar insanları aldadaraq müxtəlif növ virtual aksiyalara (qiymətli kağızlara) sərmayə qoymağa inandırıblar.
Yalan vədlərə inanan 42 nəfər Gürcüstan vətəndaşı dəstə üzvlərinin, o cümlədən saxlanılan şəxsin göstərdiyi bank hesablarına ümumilikdə 337 337 lari vəsait köçürüb.
Cinayətkar qrup mənimsədikləri pulların real mənşəyini gizlətmək məqsədilə həmin vəsaitləri müxtəlif daxili və xarici bank hesablarına köçürüblər. Daha sonra isə maliyyə izini tamamilə itirmək üçün bu pulları kriptovalyutaya (elektron pula) konvertasiya ediblər və beləliklə, xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılmasını həyata keçiriblər.