Gürcüstanda müəllimlər üçün sərt sınaq: İmtahandan keçməyənlərin əlavə ödənişləri kəsiləcək
Gürcüstanın Elm və Təhsil Nazirliyi yeni tədris ilindən etibarən pedaqoqların əməkhaqqı sistemində ciddi dəyişikliklərə hazırlaşır.
Yeni qaydalara əsasən, müəllimlərin bir qisminin gəlirlərinin azalması təhlükəsi yaranıb.
Xeber.ge xeber verir ki,
Nazirliyin izahatına görə, müəllimlərə əsas fənn imtahanı ilə yanaşı, əlavə olaraq maksimum üç fənn üzrə qeydiyyatdan keçmək və eyni vaxtda kompetensiyasını təsdiq etmək imkanı veriləcək.
Lakin bu tələbi yerinə yetirə bilməyən, yəni imtahandan keçməyən müəllimlər aylıq maaş əlavələrini (bonuslarını) itirəcəklər.
Bu isə birbaşa olaraq onların ümumi aylıq gəlirinin aşağı düşməsinə səbəb olacaq.
Pedaqoqlar bu qərarın reallaşmasının onlar üçün ciddi çətinlik yaradacağını bildirirlər. Müəllimlərin bir qismi hesab edir ki, bu islahatın əsl məqsədi heç də təhsilin keyfiyyətini artırmaq deyil:
Müəllimlər iddia edirlər ki, nazirlik imtahanlarda kütləvi uğursuzluqlar hesabına büdcə xərclərini azaltmağa çalışır.
Pedaqoqların sözlərinə görə, bir çoxları üçün öz əsas fənnindən belə imtahan vermək çətin olduğu halda, əlavə fənlərin daxil edilməsi vəziyyəti daha da mürəkkəbləşdirəcək.
Narazı tərəflər hökumətin əvvəllər verdiyi maaş artımı vədlərini xatırladaraq, yeni tənzimləmələrin onları tamamilə fərqli və arzuolunmaz bir reallıqla üz-üzə qoyduğunu bəyan ediblər.
Onlar bu addımı pedaqoji fəaliyyətə basqı və sosial vəziyyətin pisləşməsi kimi qiymətləndirirlər.
Hazırda məsələ ilə bağlı geniş ictimai və siyasi müzakirələr davam edir.