Gürcüstanda mövsümi qripə qarşı pulsuz peyvəndləmə başladı
Gürcüstanda mövsümi qripə qarşı peyvəndləmə başlayıb. Ölkə üzrə bütün vətəndaşlar üçün peyvənd ödənişsizdir və xərclər tamamilə dövlət tərəfindən qarşılanır.
XEBER.GE xeber verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, dövlət immunizasiya proqramı çərçivəsində Fransa istehsalı olan Vaxigrip mövsümi qrip peyvəndinin 200 000 dozası alınıb. Üçkomponentli peyvəndin istehsalçısı SANOFI WINTHROP INDUSTRIE şirkətidir.
Qurumun məlumatına əsasən, peyvənd cari mövsümdə yayılması gözlənilən qrip ştammlarına uyğun hazırlanıb. Vaksinasiya xidmətləri göstərən tibb müəssisələrində və poliklinikalarda peyvənd olunmaq mümkündür. Peyvəndləmə 6 aylıqdan etibarən aparılır və vətəndaşlar üçün tamamilə ödənişsizdir.
Qripin ağırlaşmaları baxımından yüksək risk qrupuna daxil olan şəxslərin peyvənd olunması xüsusilə vacibdir.
Bu qrupa aşağıdakılar daxildir:
Xroniki xəstəlikləri olan şəxslər;
Onkoloji xəstələr;
Hamilə qadınlar;
60 yaş və yuxarı şəxslər;
Tibb işçiləri;
Sığınacaq və pansionatların sakinləri və əməkdaşları.
Səhiyyə Nazirliyinin izahına görə, risk qruplarına daxil olan şəxslərin qripə qarşı peyvənd olunması xüsusi əhəmiyyət daşıyır. Çünki bu şəxslərdə infeksiya ağır fəsadlara səbəb ola bilər.
Vətəndaşlar mövsümi qripə qarşı peyvəndi dövlət proqramına qoşulmuş tibb müəssisələrində və poliklinikalarda vurdura bilərlər.