Gürcüstanda məktəblilər arasında azyaşlının gizli videolarını yayan şəxs yaxalandı
Gürcüstan Baş Prokurorluğu şəxsi həyatın toxunulmazlığını pozma faktı ilə bağlı bir nəfərin saxlanıldığını açıqlayıb.
Xeber.ge xəbər verir ki,
Tbilisi Prokurorluğunun Şəxsi Həyatın Toxunulmazlığına Qarşı Cinayətlərlə Mübarizə İdarəsi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, saxlanılan şəxs azyaşlı zərərçəkmişin şəxsi həyatına dair videogörüntüləri qanunsuz yolla əldə edib və saxlayıb. Həmin videoların sonradan dövlət məktəblərinin şagirdləri arasında yayıldığı məlum olub.
Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib. Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157 (prim) maddəsinin 1-ci hissəsi (Şəxsi həyatın gizliliyini qanunsuz əldə etmə, saxlama və yayma) ilə ittiham irəli sürülüb.
Bu maddə üzrə təqsiri sübuta yetiriləcəyi təqdirdə həmin şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.