Gürcüstanda İT sahəsində çalışan əcnəbilər üçün xüsusi yaşayış icazəsi tələb olunacaq

Gürcüstanda informasiya texnologiyaları (İT) sahəsində çalışan əcnəbilərə xüsusi yaşayış icazəsi tətbiq ediləcək.
Bu icazə yalnız Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş İT sahəsində çalışan əmək miqrantları və onların ailə üzvlərinə, eləcə də Gürcüstanda kiçik sahibkarlıq statusuna malik olan və bu sahədə fəaliyyət göstərən xarici fiziki şəxslərə və onların ailə üzvlərinə, həmçinin İT sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbərləri və onların nümayəndələrinə şamil olunacaq.
Yaşayış icazəsinin bu yeni növü “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər çərçivəsində tətbiq olunur. Qanun layihəsi “Gürcü Arzusu” partiyasının deputatları tərəfindən hazırlanıb və artıq parlamentə təqdim edilib.
Layihəyə əsasən, İT sahəsində çalışan əmək miqrantları və kiçik sahibkarlıq statusuna malik olan əcnəbi fiziki şəxslər, agentliyə bu sahədə minimum iki illik iş və ya iqtisadi fəaliyyət təcrübəsini təsdiq edən sənəd, eləcə də illik gəlirin 25 000 ABŞ dolları ekvivalentindən az olmadığını göstərən arayış təqdim etməlidirlər.
Bu müvəqqəti yaşayış icazəsi ilkin olaraq 3 il müddətinə veriləcək və hər dəfə 3 illik dövrlərlə uzadıla bilər, lakin ümumi müddət 12 ili keçməməlidir.
Eyni zamanda layihəyə görə, İT sahəsində çalışan şəxsin yaşayış icazəsi ləğv olunacaq, əgər o, ardıcıl istənilən 12 ay ərzində Gürcüstanda faktiki olaraq 183 gündən az müddətdə qalarsa. Gürcüstanda qalma müddətinə, həmçinin müalicə məqsədilə ölkədən çıxılan müddət də daxil ediləcək.
İT sahəsində çalışanların Gürcüstan ərazisində faktiki qalma müddətinə nəzarət qaydası isə hökumət tərəfindən müəyyən ediləcək.
Parlament bu qanun dəyişikliyini təcili qaydada müzakirəyə çıxarmağı planlaşdırır.
mənbə: interpress