Hökumətdən biznesə dəstək: Pensiya öhdəlikləri ilə bağlı cərimələr ləğv edilə bilər

Sep 23, 2026 - 14:25
Sep 23, 2026 - 14:42
 0  11
Hökumətdən biznesə dəstək: Pensiya öhdəlikləri ilə bağlı cərimələr ləğv edilə bilər

"İnzibati tənbeh vermədən azad edilmə haqqında" Gürcüstan qanununun məqsədi birtəhralı və müstəsna tədbir çərçivəsində pensiya ayırmaları ilə əlaqədar ödənilməmiş cərimələri olan işəgötürənlərə dəstək olmaqdır.

XEBER.GE xeber  verir ki, qanun müvafiq işəgötürənin 2026-cı il dekabrın 31-dək pensiya ayırması və ona hesablanmış peniyanın ödənilməsi öhdəliyini tam yerinə yetirəcəyi təqdirdə inzibati cərimələrdən azad olunmasını nəzərdə tutur.

İnzibati tənbeh vermədən azad edilmə 2025-ci il mayın 1-dən sonra yaranmış pensiya öhdəliyinin yerinə yetirilməməsindən irəli gələrək 2026-cı il sentyabrın 18-dək tətbiq edilmiş və ödənilməmiş inzibati tənbehə şamil olunur.

2026-cı il oktyabrın 15-dən "Toplayıcı pensiya haqqında" Gürcüstan qanununun pensiya ayırmasının həyata keçirilməməsinə görə cərimə məbləğinin 300 lari müəyyən edildiyi normaları da qüvvəyə minəcək. Həmin tarixdən etibarən, əgər işəgötürənə cərimə tətbiq olunarsa və cərimənin tətbiq edildiyi tarixdən etibarən 10 iş günü ərzində pensiya ayırmasını və ona hesablanmış alınmamış gəliri tamamilə ödəyərsə, cərimənin ödənilməsi öhdəliyi ləğv ediləcək.

Qanun həmçinin 2026-cı il dekabrın 31-dək inzibati hüquqpozmalar işlərinin baxılması və icra edilməsi prosedurlarının müvəqqəti dayandırılmasını nəzərdə tutur. Bu dövrdə müvafiq işlərin icrasını İcra Milli Bürosu da dayandıracaq, Pensiya Fondu isə qəbul etdiyi qərarları icraya yönəltməyəcək.

Vacibdir ki, işin icraatının dayandırılması pensiya ayırmasına peniyanın hesablanmasının dayandırılmasına səbəb olmur.

İşəgötürənlərin müəyyən edilmiş müddətdə maliyyə öhdəliklərini tam yerinə yetirmək və qanunla nəzərdə tutulmuş güzəştdən yararlanmaq imkanları var.

Qanuna əsasən, cərimədən azad olunma prosesi üçün işəgötürən tərəfindən əlavə ərizə və ya müraciətin təqdim edilməsi tələb olunmur. Güzəşt qanunla müəyyən edilmiş şərtləri yerinə yetirəcək işəgötürənlərə avtomatik olaraq şamil ediləcək.

2026-cı il oktyabrın 15-dən etibarən inzibati tənbehin tətbiq edilməsi haqqında məlumat həm Gürcüstan Pensiya Fondunun, həm də Gəlirlər Xidmətinin elektron sistemlərində əlçatan olacaq.

İşəgötürən yerinə yetirilməli olan öhdəliyin məbləği və balans məbləği haqqında məlumatı Pensiya Fondunun www.pensions.ge elektron sistemində yoxlaya bilər. Əlavə məlumat üçün Pensiya Fondunun 14 80 nömrəli qaynar xəttinə müraciət edin.