Gürcüstanda İnterpolun “qırmızı bülleteni” ilə axtarılan 12 nəfər saxlanıldı

Aug 13, 2025 - 14:04
 0  48
Gürcüstanda İnterpolun “qırmızı bülleteni” ilə axtarılan 12 nəfər saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis Departamenti, Türkiyə hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində son 24 saat ərzində beynəlxalq axtarışda olan 12 nəfəri saxlayıb.

Bu barədə departament direktorunun müavini İrakli Dondoladze məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxslər son 5 il ərzində Türkiyə polisi tərəfindən beynəlxalq səviyyədə verilmiş İnterpolun “qırmızı bülleteni” əsasında axtarılırdı və hamısı Türkiyə Respublikasının vətəndaşlarıdır.

Araşdırma nəticəsində müəyyən edilib ki, 12 nəfərdən 8-i Gürcüstana hələ axtarış elan olunmamışdan əvvəl daxil olub, 4 nəfər isə ölkəyə qanunsuz yollarla keçib. Onların barəsində müvafiq cinayət-prosessual tədbirlər görülür.

Axtarışda olanlar ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunurlar. Onlar qəsdən ağırlaşdırıcı şəraitdə adam öldürmə (o cümlədən azyaşlının qətli), qətl cəhdi, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə, sağlamlığa qəsdən ağır zərər vurma, mütəşəkkil cinayətkar qrup yaratma və üzvlük, hədə-qorxu yolu ilə tələb etmə, oğurluq, odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması, narkotik cinayətləri, sənəd saxtakarlığı, investisiya fırıldağı və mənimsəmənin 178 epizodu üzrə təqsirləndirilirlər.

Əməliyyat zamanı saxlanılanlardan birinin üzərində qanunsuz saxlanılan odlu silah və sursat aşkar edilərək götürülüb.

İ.Dondoladze bildirib ki, əməliyyata Gürcüstan DİN, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Türkiyə İnterpol Bürosu, Türkiyə Milli Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi, eləcə də Türkiyənin Gürcüstandakı polis və jandarm attaşeləri cəlb olunub.

Hazırda bütün saxlanılan şəxslər barəsində ekstradisiyaöncəsi prosedurlar davam edir.

Dondoladze Türkiyə tərəfinə əməkdaşlığa görə təşəkkür edərək bildirib ki, Gürcüstan Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlığa qarşı qətiyyətli mübarizəni davam etdirəcək.

mənbə: interpress