Gürcüstanda casusluqda ittiham olunan şəxsin kimliyi məlum olub
Aprelin 22-də Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən casusluq ittihamı ilə saxlanılan şəxsin kimliyi bəlli olub. "Radio Tavisupleba"nın (Azadlıq Radiosu) yaydığı məlumata görə, söhbət 27 yaşlı Tamaz Qoloevdən (Qoloti) gedir.
Xeber.ge xəbər verir ki,
Prokurorluğun bəyanatında bildirilir ki, müttəhimlər xarici kəşfiyyatın tapşırığı ilə Gürcüstanın dövlət maraqlarına zidd olaraq müxtəlif məlumatlar toplayıb və ötürüblər. Bu məlumatlara hüquq-mühafizə orqanlarının fəaliyyəti və ölkədəki strateji obyektlər barədə gizli kəşfiyyat materialları daxildir.
Təqsirləndirilən şəxsin anası mətbuata açıqlamasında bildirib ki, Tamaz 2026-cı il aprelin 22-də səhər saatlarında Axalqoridən Tbilisiyə gəlib və gələn kimi saxlanılıb. Oğlunun həbs xəbərini televiziyadan öyrənən ana Tbilisiyə gəlsə də, onunla görüşməyə icazə verilmədiyini deyib. Məlumata görə, milliyyətcə osetin olan Tamaz Qoloev Tsxinvalidə təhsil alıb və paytaxt Tbilisiyə tez-tez səfərlər edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsi (Casusluq) ilə istintaq davam etdirilir. Bu maddə 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Prokurorluq yaxın saatlarda müttəhimlərin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.