Gürcüstanda azərbaycanlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Gürcüstanın Bolnisi bələdiyyəsinin İncəoğlu kənd sakini, 24 yaşlı Vüqar Yaqubov ötən gün Rustavi şəhərində qətlə yetirilib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin (CM) 116 və 236-cı maddələri üzrə istintaq davam edir”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, CM-in 116-cı maddəsi ehtiyatsızlıqdan ölümə səbəb olma (altı aydan iki ilədək ev dustaqlığı və ya iki ildən dörd ilədək azadlıqdan məhrumetmə), 236-cı maddə isə qanunsuz silah əldə etmə, saxlama, gəzdirmə və daşıma hallarını (cərimə, altı aydan iki ilədək ev dustaqlığı və ya iki ilədək azadlıqdan məhrumetmə) nəzərdə tutur.
Hadisənin detalları məlum deyil. İlkin məlumata görə, cinayət mübahisə zəminində baş verib.
mənbə: report