Gürcüstan vətəndaşlarının Polşaya və digər Avropa ölkələrinə girişləri məhdudlaşdırıla bilər

Jun 12, 2025 - 11:27
 0  81
Gürcüstan vətəndaşlarının Polşaya və digər Avropa ölkələrinə girişləri məhdudlaşdırıla bilər

Polşanın Baş naziri Donald Tusk parlamentdə çıxışı zamanı qeyri-qanuni miqrasiya mövzusuna toxunaraq Gürcüstanı da qeyd edib.

Tusk bildirib ki, beynəlxalq hüququ dəyişdirmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır və məqsədi qeyri-qanuni miqrasiya riskini minimuma endirməkdir.

Onun sözlərinə görə, artıq zəruri çoxluq formalaşdırılır ki, vizasız gediş-gəliş məhdudlaşdırılsın və ya dayandırılsın, o cümlədən Gürcüstanla da:

“Bəli, bu mənim niyyətimdir. Tam başa düşürəm ki, gürcülərin üçdə biri bizim dəyərlərimizi bölüşür, amma problemin nə olduğunu da bilirik.”

Tusk əlavə edib ki, məsələ təkcə Gürcüstanla bağlı deyil və belə ölkələrdən gələn miqrasiya Polşada və Avropada hüquqi və ictimai qaydalara birbaşa təhlükə yaradır:

“Tamamilə hazıram ki, bütün mövcud vasitələrdən istifadə edim beynəlxalq hüququ dəyişmək üçün, qeyri-qanuni miqrasiyanın bu dalğasını minimuma endirmək məqsədilə. Reallıq budur ki, demək olar, hər gün xaricilərin ölkələrinə deportasiyasını həyata keçiririk… 4 gün əvvəl kriminal fəaliyyətlərdə şübhəli bilinən 50 gürcü deportasiya olundu.”

Baş nazir vurğulayıb ki, bu, təkcə Gürcüstanı əhatə etmir:

“Gürcülərdən kiminsə inciyəcəyini başa düşürəm, amma bütünlükdə vizasız gediş-gəlişin məhdudlaşdırılmasının güclü tərəfdarıyam, o ölkələr üçün ki, artıq standartlara hörmət etmirlər, avtoritar idarəetmə tətbiq edirlər və onların miqrasiyası hüquqi və ictimai qaydaları təhdid edir.”

Sonda Tusk qeyd edib ki, bu qərarlar milli səviyyədə yox, ümumi Avropa səviyyəsində qəbul olunmalıdır.

mənbə: interpress