Gürcüstan plastikdən imtina edir: İyulun 1-dən yeni qadağalar qüvvəyə minir
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ölkədə plastik tullantıların azaldılması istiqamətində yeni və sərt məhdudiyyətlərin tətbiq olunacağını elan edib.
Xeber.ge xəbər verir ki, 2026-cı il iyulun 1-dən etibarən ictimai iaşə obyektlərində (restoran, kafe və s.) müştərilərə içkilərin plastik şüşələrdə təqdim edilməsi qadağan olunacaq.
Tətbiq edilən dəyişikliklərə əsasən, iaşə obyektləri plastik qabları metal (alüminium) bankalar və ya şüşə butulkalarla əvəz etməli olacaqlar. Bu qərar həm içki qablarını, həm də birdəfəlik plastik qab və konteynerləri əhatə edir.
Nazirlik xatırladır ki, artıq 2026-cı il aprelin 1-dən birdəfəlik plastik məmulatların — o cümlədən stəkan, boşqab, bıçaq və borucuqların (saman çöpü) istehsalı, idxalı və satışı qadağan edilib.
Plastik şüşələrin tamamilə dövriyyədən çıxarılması prosesi mərhələli şəkildə həyata keçiriləcək və 2031-ci ildə yekunlaşacaq. Böyük həcmli içki qabları üçün müəyyən istisnalar nəzərdə tutulur.
Yeni tənzimləmələrə riayət olunmasına aşağıdakı qurumlar nəzarət edəcək:
· Qida Təhlükəsizliyi üzrə Milli Agentlik;
· Ətraf Mühitə Nəzarət Departamenti;
· Gəlirlər Xidməti.
Qaydaları pozan müəssisələr 1 000 lari məbləğində cərimə olunacaq və məhsulları müsadirə ediləcək. Eyni pozuntu təkrarlandığı təqdirdə cərimənin məbləği 2 000 lariyə qədər artırılacaq.